caviddivac
caviddivac
Xhavid Divaxh
12 posts
De-yure Sumqayıt şəhər sakini
Don't wanna be here? Send us removal request.
caviddivac · 2 years ago
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Tumblr media
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Tumblr media Tumblr media
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Tumblr media
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Tumblr media
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes
caviddivac · 2 years ago
Text
Zəlzələnin insanların, ələlxüsus azərbaycanlıların ev tikmə, qurub-yaratma davranışlarına təsiri haqqında maraqlı xatirə
Tumblr media
1968-ci ildə Ermənistan SSR-in cənubunda Zəngəzur ərazisində, Qafan rayonunun azərbaycanlılar yaşayan Gığı dərəsində 9 iyun və 1 sentyabr tarixlərində iki dəfə zəlzələ olur. 9 iyunda baş verən zəlzələ episentrdə 7–8 ball gücündə olmaqla Zəngəzur ərazisində 5.2 ball gücündə hiss edilir.
Zəlzələ nəticəsində güclü dağıntılar baş verir, az sayda olsa da ölüm, itki olur. Episentr, dağıntılar əsasən 10–12 kənddən ibarət olan Gığı dərəsində olduğundan Sovet hökuməti yardım məqsədi ilə əraziyə 230 ədəd taxta ev (”finski ev”, “domik” adıyla tanınır) paylayır. Beləcə dağıntıya məruz qalmış əhalinin bir hissəsi həm köhnə evlərini bərpa edib orada, həm də taxta finski evlərdə yaşamağa başlayırlar.
İl ərzində ardıcıl baş verən bu iki zəlzələ isə sonrakı onilliklərdə əhalinin qurub-yaratma, ev tikmə şüuruna təsirini buraxır, əhalidə daş ev tikmə davranışları itməyə başlayır. Bu məsələ, hətta rayon rəhbərliyinin də diqqətini çəkir. Yerli azərbaycanlıların daş ev tikməməsi rayonun erməni əsilli rəhbərlərini narahat edir, bu barədə həmin dərədə yerləşən yeganə sovxozun direktorundan da mövzu ilə bağlı maraqlanırlar.
Həmin sovxoz direktoru — Səməd Qarayev 2002-ci ildə yazdığı “Qazangöl həsrəti” adlı kitabda mövzuyla bağlı xatirələrini bölüşür:
“Bir dəfə 1985-ci ildə Rayon İcraiyyə Komitəsi sədri K.Mkrtıçyan soruşdu ki, Gığı dərəsində camaat yaşayış binaları tikmirlər, səbəbi nədir? Cavab verdim ki, hadisələr camaatın əlini soyudub, ruhdan salıb, ona görə də yeni ev tikmirlər.”
Daha sonra xatirələrinə davam edən müəllif ev tikilməsinin təşviqi məqsədilə rayon rəhbərliyinin ona da kənddə ev tikməsini məsləhət bilmələrini və bu məsləhətlərdə məkrli erməni planı olduğu ilə də bağlı fikirlərini bölüşür:
“Mənim özümə də kənddə ev tikməyi rayon rəhbərləri məsləhət bilmişdilər, ona görə ki, mən başlasam, əhalinin əksəriyyəti bu işə qoşulacaqdı. RİK sədri azərbaycanlıların ev tikməsini ona görə tələb edirdi ki, onsuz da tikilən evlər ermənilərə qalacaq.
2–3 il sonra 1988-ci il hadisələrində ermənilər hökumət səviyyəsində azərbaycanlıları bir həftə ərzində k��çürtdülər, camaatın var-yoxu tökülüb qaldı. Evləri, təsərrüfat binaları, bağları tamam onlara qaldı…”
Göründüyü kimi 1968-ci il zəlzələsindən 20 ilə yaxın vaxt keçsə belə, yerli azərbaycanlılar daşdan ev tikməməyə səy göstərir, yenidən evlərinin zəlzələdən dağılacağını fikirləşirdilər.
Tumblr media
Həmin dövrdən qalmış “domik”lərdən biri, Mahmudlu/Çaykənd kəndi, Qafan, 2025-ci il.
 Qeyd edim ki, bu davranışın səbəbini təkcə 1968-ci zəlzələsinə də bağlamaq düzgün olmazdı, həmin zəlzələdən də güclü 6.4 maqnitudalı 1931-ci il Zəngəzur zəlzələsi də baş vermişdir. Hər iki zəlzələ əlaqəli ədəbiyyatda Zəngəzur zəlzələsi adı ilə tanınır. 1988-ci ildə azərbaycanlıların həmin ərazidən deportasiya olunması isə bizi bu davranışın nə qədər davam edəcəyindən məhrum buraxır.
mənbə: Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 58-59.
0 notes
caviddivac · 7 years ago
Text
Azərbaycan çörək/lavaş etiketləri
Sən deyən elə böyük bir kolleksiya olmasa da, respublikamızda kiçik sahibkarlığın bu sahəsində yeni-yeni müəssisə və sexlərin açılması tendensiyasının davam etməsi bu cür kolleksiyalar üçün işıqlı gələcək vəd edir.
Bu kiçik kolleksiyaya maraq ilk dəfə bir loxma çörək yeyəndə yaranıb, etiketlərin rəngarəngliyi və cəlbediciliyi bunun həvəsə çevrilməsinə təkan verib. Bəzən elə olub qohum evindən lavaş çörəyinin etiketin götürüb gətirmişəm.
Təndir, lavaş etiket adlarından da görəcəyiniz kimi isə bu sahə üzrə, əsasən Kiçik Torpaqdan - Naxçıvandan - olan həmvətənlərimiz ixtisaslaşıblar. Hərçənd ki, “Naxçıvan lavaşı” adlı lavaşların istehsalı bilavasitə istehsalçının naxçıvanlı olmasına işarə olmasa da (bax: Gəncə dovğasını Mərkəzi Arandan olan kiçik sahibkarın istehsal etməsi üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. - red.), hal-hazırda bu ad elə birbaşa ona işarədir.
Qeyd: Hər yeni tapıntı skaner aparatının əlçatımlı olması ilə üst-üstə düşəndə aşağı hissədən paylaşılmağa davam ediləcək.
                                                “Gülan Nənə Təndiri”
Tumblr media Tumblr media Tumblr media
                                                        “Əl əməyi”
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Bu etiketdə diqqətli izləyicilər hərf səhvini müşahidə edə bilər: NAÇIVAN
Tumblr media Tumblr media
Etiketdəki “Şərurum” yazısı sahibkarın Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu dilə gətirir.
Tumblr media Tumblr media
Fresco Market nəzdindən
Tumblr media Tumblr media
“Sehirli Sac” maraqlı ad seçimidir. 
Tumblr media Tumblr media
“Darniskiy çörəyi”
Tumblr media Tumblr media
“31 saylı çörəkbişirmə müəssisəsi” MMC-dən  ənənəvi sadə dizayn
Yuxarıdakılar 20 aprel 2018 tarixində paylaşıldı.
Əlavə 11.05.2018:
Tumblr media Tumblr media
“Ailə” pryanikləri
Tumblr media
Zərif Şokoladlı Pryanik
Əlavə 20.11.2018:
Tumblr media
doğma ad, doğma dad (Naxçıvan lavaşı sac | 22.10.2018)
Tumblr media
Binə çörək zavodu istehsalı "Ocaq" Naxçıvan lavaşı
Tumblr media
Binə çörək zavodu istehsalı kərpic/qara çörək etiketi
Tumblr media
Sabunçu rayonu Bakıxanov qəsəbəsində istehsal olunan Sehirli Sac lavaşları
Skan edilmiş etiketlərə həmçinin burada bax.
1 note · View note
caviddivac · 8 years ago
Text
İctimai motivli seriyalı qatil: Bic Memi (1920-ci illər İranı, Xoy)
Xoylu seriyalı qatil edamdan əvvəl
Tumblr media
«İran Landrusu* Bic Memi darağacı altında xoylulara son sözlərini deyir»
«Resimli Gazete» adlı Türkiyədə nəşr olunan qəzetin 1924-cü il 29 noyabr tarixli 65 №-li sayından**
Seriyalı cinayət tarixində az bilinən bu nadir, fenomenal hadisə keçən əsrin 20-ci illərində İranın azərbaycanlılar və kürdlər məskunlaşmış Xoy şəhərində baş verib. Ardıcıl qətlləri maraqlı edən isə onun iki şəxs - ər və arvad - tərəfindən ictimai - “cəmiyyəti pis ünsürlərdən təmizləmək” - motivdə törədilməsidir.
Xoyun əxlaqını düzəltməyə qərar verəndə bu işi tək görə bilməyəcəyini başa düşən el arasında Memi kimi tanınan əsl adı Məhəmməd olan Bic Memi 6 arvadından ən ağıllı və ən inandığı arvadıyla birgə 30-dan çox qadını və sayları dəqiq müəyyənləşməyən kişiləri öldürməklə zəncirvari qətllər tarixinə adını yazdıra bilir. Cinayətləri qadınlara qarşı yönəlsə də, arvadlarını axtarmağa gələn kişilərin bu işə mane yaratması cinayətlərinin miqyasını daha da böyüdüb. Peşəsi dümbək (zərb aləti, nağarafason) çalan olan Memi əxlaqsız hesab elədiyi qadınları arvadı vasitəsi ilə evinə çağırır, elə arvadı ilə birgə cinayət aləti kimi ipdən istifadə edərək - ipin bir tərəfindən biri, digər tərəfindən də o biri tutmaqla qurbanlarını boğaraq - qurbanlarını öldürür. Törətdiyi qətllər məlum olandan sonra olanları inkar etməyən, evinin həyətində iri çalada basdırılmış 16 qadın meyidi tapılanda isə heç bir peşmançılıq hissi keçirməyən Memi "Səhv eləmişəm?" deyir. Cinayətlərinin səbəbi kimi "Xoyun namusunu zərərli məxluqlardan təmizləməy"i  göstərən Bic Memi edamdan əvvəl bu çıxışı edir: "Xoyu fahişələrdən qurtarmaq, hamımızın namusunu qorumaq istəmişəm. İndi mənim ölümümə baxırsız, demək fədakarlığımı təqdir eləmirsiz, buna baxmayaraq içim rahatdır və xoşbəxtəm."
*Henri Désiré Landru — 1915-1919-ci illər arasında qətllər törətmiş "Mavi saqqal" ləqəbli fransız seriyalı qatil.
**Qeyd edim ki, məlumat  «Resimli Gazete»nin 1924-cü il 29 noyabr tarixli 65 №-li sayında dərc olunsa da, hadisənin səs-sorağının İstanbula gedib kimi çıxmasından xəbər vermir. Həmin dövrdə Xoyda səfərdə olan qəzet nümayəndəsi Xoy və xoylular haqqında yazdığı yazılarda bu maraqlı hadisədən də yan keçmir və bu cinayət haqqında yazır.
«Resimli Gazete»nin sözügedən sayındakı Xoy və eləcə də bu cinayət haqqındakı yazını bu ünvandan oxuya bilərsiniz.
0 notes
caviddivac · 8 years ago
Text
Erməni “Şəhidlər Xiyabanı”nda yeganə müsəlman qəbri
  Ermənilərin “Şəhidlər Xiyabanı” sayılan Yerablur hərbi memorial qəbirstanlığı paytaxt İrəvanın şəhərətrafı ərazisində Zvartnots beynəlxalq hava limanına gedən yolun yaxınlığında təpə üzərində yerləşir. Azərbaycanca “Üç təpə “ mənasına gələn Yerablur qəbirstanlığı ilk sakinlərini 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ilk vaxtlardan qəbul etməyə başlayıb.
  Sonralar bu qəbirstanlığa Andranik kimi erməni milli qəhrəmanlarının qəbirləri köçürülüb təkrarən basdırılsa da, qəbirstanlıq Qarabağ müharibəsində həlak olanların dəfn olunduğu qəbirstanlıq kimi tanınır. Ümumilikdə 741 məzar olan qəbirstanlıqda yeganə türksoylu müsəlman qəbri isə ölümündən 4 ay sonra həmin məzarlıqda dəfn edilən türkmən Qurbanmurad Bazarbay oğlu Nəfəsovun (rus. Гурбанмырат Непесов Базарбаевич) qəbridir.
Tumblr media
Qurbanmırat Nepesovun Yerablurdakı məzarı (1969-1992)                       © gerezman.com
  1969-cu ildə Türkmənistanda anadan olan Nepesov Qurbanmıratın alın yazısında bəlkə də Ermənistan-Azərbaycan münaqişəsində həlak olmaq yox idi, amma tale elə gətirir ki, Qurbanmırat birbaşa bu iki qonşu Qafqaz ölkəsinin cırışmasında iştirak etməli olur. Bu müharibədə tərəf tutmaq üçün isə etnik, dini identifikasiyasına yox, mənəvi səbəblərinə əsaslanan türkmənin Qarabağ yolu Sovet ordusu tərkibində Əfqanıstana yollanması ilə başlayır.
  Boz dağlar ölkəsində ağır yaralanan gənc Nepesov ölüm ayağındadır, ona qan lazım olur. Elə bu anda köməyə gələn erməni döyüş yoldaşı onun həyatını xilas edir. Bu donorluq fəaliyyəti ilə ona donorluq etmiş erməninin sonradan həlak olması Nepesova güclü mənəvi təsir bağışlayır, bununla da o, özünü bir neçə ildən sonra daha bir müharibə ocağında - Qarabağda tapır. 
  Qarabağ müharibəsinə kimi isə o, Sovet ordusu Əfqanıstanı tərk edəndən sonrakı hərbi xidmətinin qalanını Ermənistanda çəkir. Elə bu ərəfələrdə də Mavərayi-Qafqazda ara qarışır, məlum erməni-Azərbaycan münaqişəsi başlayır. Və beləliklə də türkmən Qurbanmırat öz mənəvi borcunu ödəməyi Ermənistanda qalıb Qarabağ müharibəsində erməni tərəfdə vuruşmaqda görür.
  Bunun üçün 1991-ci ildə Volodya Matevosyanın yaratdığı könüllülərdən ibarət “Vahan Ata” dəstəsinə ilk qoşulanlardan biri olur. Çoxmillətli dəstə kimi tanınan “Vahan Ata” könüllü dəstəsinin tərkibində sözügedən türkmənlə yanaşı ruslar, yunanlar, assuriyalılar, yezidi kürdlər də var idi.
  Volodya Matevosyanın bildirdiyinə görə ilk vaxtlar türkmənə inanmayıblar, bunun üçün, hətta türkməni kəşfiyyata göndərib onu izləməyi üçün arxasınca başqa bir adam da göndəriblər. Lakin özünü doğrultmağı bacaran türkmən bu sınaqdan üzü ağ çıxıb. Döyüş yoldaşlarının inamını qazanan Nesepov tez-tez kəşfiyyata göndərilir. Hətta ermənilər arasında “Basmaçı”*, “Türkmən” ləqəbləriylə tanınır. Sonralar onun ləqəbi qəbri üstündəki başdaşında da həkk olunur: Բասմաչ (azərb. Basmaçı).                   
Tumblr media
Volodya Matevosyan “Basmaçı”nın qəbri üstdə
başdaşıda: Բասմաչ (azərb. Basmaçı)
  Matevosyanın yadında qalan Qurbanmıratın kəşfiyyatlarından biri də 1992-ci ilin aprel ayında Kəlbəcərin dağ kəndi Ağdabandan gətirdiyi kəşfiyyat məlumatıdır: Basmaçı burada azərbaycanlıların tank batalyonunun yerləşdiyini bildirir. Bu kənd ermənilər üçün stratejik əhəmiyyətə malik olduğundan (bu mövqedən Ağdərədəki erməni mövqeləri atəşə tutulurdu) tez bir zamanda hücum etmək qərara alınır və beləliklə bu hücumda Azərbaycan ordusu 6 tankını itiririr, kənd işğal olunur.
  Döyüş yoldaşları tərəfindən haqqında “böyük tankçı, yaxşı oğlan, əsl qəhrəman” kimi danışılan Türkmənin Qarabağ macərası çox çəkmir. 1992-ci ilin dekabr ayının 13-də həyatına son qoyulan türkmənin meyidi İrəvana aparılır, lakin buradan onu vətəni Aşqabada - Türkmənistana yola salmaq həmin dövrə görə problemli olduğundan düz dörd ay morqda qalır. Sonda onu ermənilər üçün “Şəhidlər Xiyabanı” sayılan Yerablurda basdırmaq qərara alınır. Lakin bu gecikdirilmə təkcə karqo probleminə görə yox, həm də onun müsəlman hesab edilməsinə görə belə uzun çəkir. Döyüş yoldaşı Qraat Mxitaryanın bildirdiyinə görə həmin vaxt Ermənistan Müdafiə Naziri olan Vazgen Sarkisyan ilk əvvəl müsəlman olan şəxsin Yerablurda basdırılmasını narazı qarşılayıb şübhəylə yanaşsa da sonradan razılıq verilib və beləcə türkmən Qurbanmırat Bazarbaeviç Nepesov Yerablur panteonunda basdırılmış ilk və tək müsəlman olur.
 Qurbanmırat haqqında danışan könüllülərdən ibarət keçmiş “Vahan Ata” dəstəsinin komandiri Volodya Matevosyan Qurbanmıratın bir erməni qızını sevdiyini, onunla evlənmək istədiyini də qeyd edir, hər ilin dekabr ayının 13-də Türkmənin məzarını ona “burada yad adam yoxdur” demək üçün digər döyüş yoldaşları ilə birgə ziyarət etdiyini də bildirir.
*Basmaçı - 1916-1934-cü illər aralığında Rus, Sovet hakimiyyətinə qarşı Mərkəzi Asiyada yaranmış hərbi-siyasi partizan müqavimət hərəkatı.
İstifadə etdiyim mənbələr:
1. Ankakh.com’da Volodya Matevosyanın müsahibəsi;
2. Voskanap.info’da Qurbamırat Nepesov haqda “Басмач” adlı məqalə;
3. Henaran.am’da “Yerablurda basdırılmış yeganə müsəlman” adlı yazı.
tarix: 27/06/2017
0 notes
caviddivac · 9 years ago
Text
“Qafqaz” caz triosu
Tumblr media
  1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib bir müddət sonra Tbilisiyə yola düşən Vaqif Mustafazadə burada SSRİ-nin ilk vokal instrumental ansamblı olan “Orera” (rəsmi yaranma tarixi: 1961-ci il) ansamblında musiqi fəaliyyətinə başlayır.
  1965-ci ildə elə “Orera”dan tanıdığı Geno Nadiraşvili (kontrabass) və Feliks Şabsis (zərb alətləri) ilə “Qafqaz” caz üçlüyünü (rus. Джаз-Трио "Кавказ") yaradır. Trionun 1966-cı ildə buraxılan “Melodiya” firması istehsalı vinil albomunda aşağıdakı parçaları yer alır:
Səhər / The Morning / Утро / დილით (musiqisi: Vaqif Mustafazadə)
Oily Rocks / Neft Daşları / Нефтяные Камни / ნავთობის ქვები (musiqisi: Vaqif Mustafazadə)
Tbilisidə görüş / Meeting In Tbilisi / Встреча В Тбилиси / შეხვედრა თბილისში (musiqisi: Vaqif Mustafazadə)
Tökülmüş Yarpaqlar (və yaxud Payız Yarpaqları)/ Fallen Leaves (or Autumn Leaves) / Опавшие Листья / დაცვენილი ფოთლები (musiqisi: Yozef Kosma)
Gecəyarısında / In The Midnight Hour / В Полночь / შუაღამისას (musiqisi: Vaqif Mustafazadə)
Borjomi Park / Borjomi Parkı / Боржомский Парк / ბორჯომის პარკი (musiqisi: Geno Nadiraşvili)
  Qeyd edim ki, albomdakı 4-cü parça - “Опавшие Листья” məşhur caz standartıdır, əksər vaxtı “Autumun Leaves” adı ilə tanınır, Youtube’a yerləşdirərkən rusca qarşılığı “Fallen Leaves” adı ilə yerləşdirməyi daha müvafiq hesab etdim.
Tumblr media
  Albom Vaqifin caz-muğam elementlərindən uzaq olduğu dövrə təsadüf etdiyinə görə maraq doğurur. SSRİ-də buraxılmış ilk Contemporary Jazz tərzi LP hesab olunan albomda yer alan 6 parçadan 4-ünün müəllifi Vaqif Mustafazadədir. Digər iki parçadan biri yuxarıda da qeyd etdiyim kimi məşhur caz standartı, digəri isə Geno Nadiraşvilinin bəstələdiyi “Borjomi Parkı” parçasıdır. Bu parça albomun digər parçalarına nisbətən daha çox folklor yönümlüdür. “Borjomi Parkı”nın sonunda kontrabass solosu yer alır.
2 notes · View notes
caviddivac · 9 years ago
Text
ADEX 2016 sərgisindən bir-iki şəkil
Tumblr media
  Sərgiyə geciksəm də bir-iki şey görmək müəssər oldu. Sərgi keçiriləcək Baku Expo Centerə hər bir saatdan bir Koroğlu metrosu ətrafından avtobusların tərpəndiyindən xəbərim olsa da, gecikdiyimdən bu fürsətdən yararlana bilmədim. Əvəzində 160 nömrəli marşrutdan istifadə etdim. Nə isə, keçək söhbətin məğzinə.
Gecikdiyimdən elə vaxtı çatmışdım ki, sərgidə iştirak edən şirkətlər veş-vüşlərini yığıb getməyə hazırlaşırdılar. Sərgi salonuna daxil olsam da bəzi hissələrə, artıq buraxılış yox idi. Beləliklə də ziyarətçiylə nəzarətçi arasında belə bir dioloqa şahidlik etdim:
- O tərəfə keçmək olmaz?
- Yox, uje bağlanıb.
- Bəs Azərbaycan məhsulları hardadır?
- Elə ordadır, guya nə var e patron zaddır da.
Bu dioloqa qüvvət vermək üçün ilk şəkli paylaşıram:
Tumblr media
“GİLTEX” yerli tekstil şirkətinin stendlərində yerləşdirdiyi rəngli saplar
Sərgidə diqqəti əsas çəkən təbii ki, PUA-lar idi. Bu Pilotsuz Uçuş Aparatlarının bəzilərinin yerli istehsal olduğu bildirilir.
Tumblr media
AZAD Systems’in Zərbə adlı killer, kamikadze PUA-sı üçün daşıyıcı zirehli avtomobili
Tumblr media Tumblr media Tumblr media
Sərgi ziyarətçiləri arasında məktəblilərin də olduğunu nəzərə alaraq nümayiş üçün gətirilən maketlərin olması təqdirəlayiqdir.
Tumblr media
Rusiya istehsalı Mi-28 hərbi vertolyotunun maketi və “Əl vurma” xəbərdaredici qeydi
Tumblr media
Rusiya istehsalı Ka-52 hərbi vertolyotunun maketi və “Əl vurma” xəbərdaredici qeydi
Tumblr media
Odessa Təyyarə Zavodunun sərgidəki stendindən
  Mən gələndə, artıq Çexiyanın təlim təyyarələrinin istehsalı ilə məşhur olan “Aero Vodochody” şirkəti stendlərini yığışdırmaqla məşğul idi.
Tumblr media
L-39 təlim təyyarəsinin maketi öz qutusuna yerləşdirilir
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Selfi çəkən qaqaş
0 notes
caviddivac · 9 years ago
Text
Ədliyyə əsgəri: "Çox adam bizə pis baxsa da..."
Tumblr media
  Dənizkənarı park ilə üzü Park Bulvar ticarət mərkəzinə tərəf gedəndə yolüstü söhbət eləməyə başladığım əsgər "Çox adam bizə pis baxsa da, biz heç dustaqların üstündə durmuruq, hətta onları qoruyuruq da" dedi. Forması Milli Ordunun ənənəvi xəki rəngli formasına oxşadığından məni aldatmışdı. Düşünürdüm ki, Bakıətrafı dislokasiya olunmuş Hava Hücumundan Müdafiə Qüvvələrinin əsgərlərindəndir.
  Söhbətimizə davam edə-edə gedərkən "Qaqaş, haranın əsgərisən?" sualı ilə söhbətə başladığım məzuniyyətdə olan Ədliyyə əsgəri qarşıdan gələn Ədliyyə Nazirliyi mündirli kiçik rütbəli zabitlərlə hərbi salamlaşdıqdan sonra mənim "Nə mənada qoruyursuz dustaqları?" sualıma cavab olaraq mövzunu davam etdirib dedi ki, "gecələr bir də görürsən içəridə yatan adama nəsə eləmək üçün maşınla gəlib zonun qırağında fırlanırlar. Biz də polisə xəbər edirik, gəlib saxlayıb sorğu-sual edirlər". Təəccübümə səbəb olan cavabın ardınca "Nəsə eləyən olub ki? Yəqin 90-cı illərdə olar elə şey" sualını verdim. Cavab kimi “Bir neçə il əvvəl namus üstündə içəridə yatana nəsə eləmək üçün gəliblər” - cümləsini eşitmək məni lap təəccübləndirdi.
  Söhbətin davamında dustaqlarla əlaqələrinin olub-olmadığını, kimisə tanıyıb-tanımadıqlarını soruşdum - baxmayaraq ki, bu sualın cavabı məlum idi. Cavabında heç bir dustağı görmədiklərini, ancaq müəyyən postlarda və vışkada olduqlarını dedi. Qiyabi olaraq tanıdıqlarından, ancaq Lotu Qulinin adını çəkdi. 
Tumblr media
  Əvvəlki söhbətlərimizdə isə him-cimlə "şəhərə gəzməyə də, yəqin pul verib çıxırsınız" deyib "samavolkaya çıxmaq" məsələsinə toxunduqda, təsdiqləyərək, ya maaşı (11 manat +) verdiklərini, ya da ki, evdən pul göndərtdirib şəhərə gəzməyə çıxdıqlarını dedi. İndi isə məzuniyyətdə olduğunu bildirdi. Getdiyimiz ünvana doğru yaxınlaşdığımızdan həmsöhbətimiz olan əsgər və yanındakı dostları ilə sağollaşıb yolumuza davam etdik.
0 notes
caviddivac · 9 years ago
Text
Avstriya qrupunun "Sumgayit Industrial Party" adlı elektronik musiqisi
Tumblr media
              Mesak qrupunun Holtiton albomunun üz qabığı
  Elektronik, hip-hop, reqqi janrlarında ifa edən Avstriya qrupu Mesakın 2012-ci ildə buraxdığı “Holtiton” adlı albomundakı 3 dəqiqə 50 saniyəlik elektronik musiqi “Sumgayit Industrial Party” adlanır.
  Yadelli qrup, müğənnilərin musiqi fəaliyyəti sırasında Azərbaycan şəhərlərinin adından istifadə etməsi nadir rastlanan hal deyil; bundan əvvəl (daha dəqiqi sonra - 2014-cü ildə) alman bəstəkar Hausckha “Agdam” adlı musiqi bəstələmişdi.
Tumblr media
                                   Holtiton albomunun arxa üzü
Tumblr media
                            JunoRecords'da Holtiton albomu
Linklər:
Albomun Discogs'dakı səhifəsinə baxmaq üçün buraya klikləyin;
JunoRecords'da “Holtiton” albomuna qulaq asmaq istəyirsinizsə, buraya klikləyin;
JunoRecords'da “Sumgayit Industrial Party”ə qulaq asmaq istəyirsinizsə, buraya klikləyin.
0 notes
caviddivac · 9 years ago
Text
20 il ərzində yeni doğulan qız uşaqlarını öldürən Azərbaycan kəndi
  Söhbət ənənəvi alıcı-satıcı konteksində davam etsə də, satıcının qəfildən atama “Qardaş, haradansan?” sualını verməsi və cavabında “Ermənistan” toponimini eşitməsi ilə söhbətin kursu tamam dəyişdi. Satıcı özlərinin də əslinin “O tərəflərdən” olduğunu bildirib qeyd etdi ki, sonradan Kəlbəcərə gəlmədirlər. “O tərəflər”in daha dəqiq koordinatları isə Dərələyəz mahalı adı ilə tanınan ərazilər idi.
O, atamın “Harasındansan? Bizim dərələyəzli qonşularımız var. Kimlərdənsən?” tərzində marağını görüb daha dəqiq koordinatlar verməyə başladı və beləcə məlum oldu ki, həmsöhbətimiz əslən Dərələyəz mahalının Göy Abbas kəndindən, bir tərəfi isə Kotanlıdandır. 1918-ci il hadisələri zamanı isə kənd əhalisi ellikcə indiki Kəlbəcər rayonu Çıraq kəndi ərazisinə köçüblər. Həmsöhbətimizin dediyinə görə Çıraq kəndini elə Dərələyəzdən köçənlər salıblar (bu yerdə bir haşiyə çıxaq: kiçik araşdırma aparanda Çıraq kəndinin 19-cu əsrdə Laçının Çıraqlı kəndindən köçən ailələr tərəfindən salındığı məlumatına rast gəlirik. Hər halda ola bilsin ki, 20-ci əsrin birinci yarısında məcburi miqrasiyaya məruz qalmış dərələyəzlilər Çıraq toponimli həmin ərazidə yeni yaşayış məskəni salıblar).
Tumblr media
Rusiyanın Qafqaz Canişinliyi tərəfindən Tiflisdə çap olunan xəritədə (1918-1920) yaşıl rənglə işarələnən yer Şərur-Dərələyəz qəzasının Kotanlı və Göy Abbas kəndləri, mavi rənglə işarələnən yer isə Cavanşir qəzasının Çıraq kəndidir
Mövzudan yayınmayaq:
  Satıcı atamla olan dioloqunun ortasında Kəlbəcərdəki kəndləri ilə bağlı belə bir haşiyə çıxdı: “bizim kəndə qonşu kəndlərdə «Qızsaxlamayan kənd» deyirlər”. Açığı söhbətin bu yerinə kimi mövzuya “sabaha kimi danışarlar ta. Alacağımızı almışıq gedək də, dədə” hisləri ilə qulaq asmağa çalışsam da, “Qızsaxlamayan kənd» ifadəsi “yəqin qızları 13 yaşından başlıq pulu zad istəmədən ərə verirmişlər” fikri ilə harmoniya təşkil edib diqqətimi özünə çəkməyi bacardı. Satıcı isə “Qızsaxlamayan kənd niyə?” sualı ilə özünü göstərən ümumi vəziyyəti ələ alıb tarix səhifələrini vərəqləməyə başladı. Onun danışdıqlarını öz dilimdən Sizlərə təqdim edirəm:
  1918-ci il «Erməni-müsəlman davası» adı ilə tanınan hadisələr başlayanda kəndin üstünü qara buludlar alır. Kənd top atəşinə tutulur, dinclik pozulur, gecələr növbə çəkilir. Top-tüfəng qarşısında zəif müqavimət göstərən kənd ağsaqqalları belə çox davam edə bilməyəcəklərini başa düşürlər. Və düşmənlə danışıqlar zamanı belə qərara gəlinir ki, kənddən qadın və uşaqların çıxarılmasına icazə verilsin. Beləliklə kənddə, ancaq kişi cinsinin nümayəndələri qalırlar. Qadınlar isə üzü şərqə doğru irəliləməyə başlayırlar.
Üzü şərqə doğru irəlilələyən qadınların qarşısı bir müddət sonra bir çayın sahilində erməni dəstələri tərəfindən kəsilir. Ermənilər qadınlara üzərilərindəki sinəlik və alınlıq adlı qızıllarının verilməsi qarşılığında buraxacaqlarını söz verirlər, qızılları yığdıqdan sonra isə buraxırlar. Həmsöhbətimiz olan satıcının və bizim yekdilliklə gəldiyimiz qərara görə hekayənin düyün nöqtəsi məhz buradadır. Onun dediyinə görə hekayənin bu hissəsində danışılması istənilməyən şeyləri ona danışmayıblar. Həmsöhbətimiz bu barədə bunları dedi: “Rəhmətlik anamdan neçə dəfə soruşmuşam ki, nolmuşdu orda? Heçnə danışmaq istəməyib söhbətdən həmişə yayınırdı”.
  Göy Abbas kənd sakinləri yuxarıda adını çəkdiyim Çıraq kəndində sonradan özlərinə yeni həyat qurmağa başlayırlar. Amma yeni məskən saldıqları bu kənddə o zamana kimi olmayan yeni adətləri yaranmağa başlayır: Doğulan qız uşaqları öldürülməyə başlanılır.
Üzüquylu çevirib boğulma üsulu ilə baş verən silsilə qətllər “qarılar” deyə adlandırılan yaşlı qadınlara həvalə olunur. Və bu seksist soyqırım nə az, nə çox 20 il davam edir. Satıcı həmsöhbətimizin dediyinə görə həmin dövrdə yaşamış yaşlı adamların danışdıqlarına görə həmin illərdə kəndin küçələrində, ancaq kişi cinsinin nümayəndələrinə rast gəlinərmiş. Bir sözlə kəndin demoqrafik göstəriciləri əməllicə zədələnir. Bu zədəni sağaltmağın isə maraqlı bir hekayəsi var. 
Keçirik o hekayəyə:
  8 uşaqlı ailə yeni övladlarının olacağından hamiləliyin bir neçə aylığında xəbər tutur. Və iş elə gətirir ki, 8 uşaqlarından hamısı oğlan uşağı olan ailənin başına bu yaşlarında qız uşağı ilə qarşılaşmaq gəlir. Nəticələr məlum olan kimi mövzu açılır: Kişi qadına “qarıları çağırmağ”ı təklif edir, ya da ki bu işi arvadının öz öhdəsinə buraxır. Qadın analıq instikti ilə vaxt qazanmağı seçir, amma özü də bilir ki, uşaq ölməlidir, çünki tarixi travmadan yaranan adətin tələbi budur.
  Bu yerdə satıcının da qeyd etdiyi bir haşiyə çıxaq: O vaxtı (kimin üçünsə elə indi də) evdə böyük oğulun sözü ən azı ata qədər keçərli imiş. Bunun səbəblərini izah etmək bu yazının mövzusu deyil, amma primitiv bir nümunə çəkim; Çoxuşaqlı ailələrdə ən böyük uşaqla ən kiçik uşaq arasında ciddi yaş fərqi yaranır və bu yaş fərqi mental dəyərlərlə birləşib yeni bir iearxik sütun əmələ gətirir. Haşiyə çıxdığımız mövzu bu qədər bəs eləyər.
  Qərardan xəbər tutan böyük oğul anasına etiraz edir və deyir ki, uşağı öldürməsinlər, onu özümüz gizli böyüdərik; örüşə gedəndə örüşə, oduna gedəndə oduna aparacağıq. Elə bu cür də olur - 8 qardaş anaları ilə birgə bacılarının qayğısına qalır, uşağı evin kişisindən və kənd sakinlərindən bir müddət gizlədə bilirlər. Bu gizlənqaç müddəti 6 aya kimi çəkir. Ta ki ata bir gün evə daxil olub, yerdə balaca uşağı görənəcən.
  Məclis qurulur hər şey evin kişisinə olduğu kimi danışılır; böyük oğul bu işin onun istəyi ilə görüldüyünü bildirir. “Qarılar” çağırılır, onlar da uşağı öldürməkdən imtina edib, ailənin öz qərarına buraxırlar. Buna səbəb həmsöhbətimizin də obrazlı şəkildə ifadə etməyə çalışdığı uşağın uşaqvari hərəkətləri və ölmək üçün gec olması olur.
  Ata “qarılar”ın da gəldiyi bu qərardan sonra qız uşağının sağ qalması ilə razılaşır, amma böyük oğulun ona qarşı olan bu “saymazlığ”ını bağışlamır və beləcə böyük oğul evi tərk edir. İllər keçir, fəsillər dolanır, dünyada və regionda baş verən qlobal proseslər fonunda artıq böyümüş olan həmin balaca qız uşağı qonşu kənd sakini olan həmyaşıdlarından birinə qoşulub qaçır və bununla da kənd qız uşaqlarına qarşı olan “tabu”sunun üstündən tamamilə xətt çəkir —  20-ci əsrin “Cahiliyə dönəmi” sona yetir.
  Hiss edildiyi kimi yazıda və elə həmin dükanda da söhbətin yavaş-yavaş sonuna gəlirik. Qapıdan çıxmağa hazırlaşanda satıcı kişi dedi ki, “bunu uşaqlarıma danışanda dedilər ki, bunları (həmin çay sahilində baş vermiş zorlanma hadisəsi ilə “Qızsaxlamayan” kəndində baş tutan uşaq qətliamı daxil olmaqla bütün məlumatlar - red.) başqa yerdə danışma, ata. Amma mən danışdım, çünki bu, nə mənim tariximdir, nə sənin, hamımızın - Azərbaycanın tarixidir”.
  Mən də kişinin son sözlərindən yola çıxıb bu kiçik “Azərbaycan tarixi”ni yazıya almağı qərara aldım. Çünki bu söhbətə qulaq asanda el təbirincə desək, ağzıayrıq qalmışdım, istəmədim bu söhbət şifahi xalq ədəbiyyatı nümunəsi kimi itib batsın.
Qeyd: Satıcı kişi bu əhvalatı danışanda hadisələrin 1905-ci ildə baş verdiyini söyləmişdi, amma əslində hadisələr 1918-ci ildə cərəyan edir, bu barədə Nazim Qəhrəmanov «I Dünya Müharibəsində Qafqaz cəbhəsində erməni amili» adlı kitabında yazır:
“Dərələyəz məntəqəsi, Golidos, Kəhnədar, Göy Abbas, Kotanlı, Navlı, Arqanun və Daylahlo kəndləri üç ay ermənilərin zülmlərinə məruz qalmış, Paponun (Yapon) dəstəsi bu kəndləri top və pulemyotlardan atəşə tutmuş və müsəlman əhalisi 400 nəfər şəhid verərək kəndlərini tərk etməyə məcbur olmuşdu.” [1]
  Həmsöhbətimizdən dəfələrcə dəqiqləşdirmək istəməyimə baxmayaraq «Göyhavası» deyə adlandırdığı kənd isə Şərur-Dərələyəz qəzası ərazisində yerləşən Kotanlı kəndi ilə qonşu kənd «Göy Abbas//Göyabas» (rusdilli xəritədə «Гек-абас» kimi adlandırılıb) kəndidir. Elə dayının da dediyinə görə Göy Abbas kəndi ilə Kotanlı kəndləri bir-birilərinə çox yaxın qonşu kəndlər olublar.
16 iyun 2019-cu il tarixli əlavə
  Ara səngiyəndən, daha dəqiqi Sovet höküməti qurulandan sonra isə 1918-ci il hadisələrindən əziyyət çəkmiş bir çox azərbaycanlıların aqibəti kimi Çıraq kəndində yurd salmış bəzi dərələyəzlilər, ya öz dədə-baba yurdlarına qayıtmış, ya da yeni məskənlərində yaşamağa davam etmişlər. Satıcı kişi həmçinin onu da qeyd etdi ki, Sovet vaxtı böyüklərdən Dərələyəzdəki köhnə kəndlərinə baxmağa gedən olub; Kotanlı kəndi qalsa da, Göy Abbas kəndi demək olar ki, yox imiş [2], ancaq tikililərin özülləri qalıbmış. Hətta qohumluq əlaqəsi itməsin deyə Kotanlı kəndi ilə Kəlbəcər rayonu Çıraq kəndi arasında qız alıb-verilib.
Dağ dağa rast gəlməsə də, insan insana rast gələr
Şamaxı-Bakı yolu, Bakıya getmək üçün yol maşınına əl eləyirəm: “dördgöz” - Mersedes saxlayır. Qabaqda əyləşmiş 60 yaş üstü qadın sərnişindən yayınaraq sürücüdən Bakıya gedib, getmədiyini soruşuram. Qiymətdə razılaşıb arxa oturacaqda əyləşirəm. İlkin salamlaşmadan və qarşılıqlı “Hardan gəlib, hara gedirsiz?” sual-cavabından qısa bir müddət sonra mehriban yaşlı cütlüyün yaşlarını nəzərə alıb onlar üçün sehrli sualımı səsləndirirəm: Ağsaqqal, haralısız belə?
Həmsöhbətimin bu suala ”İrəvanlıyam” (məhz bu formada) cavabını verir, mən isə öz növbəmdə Qafandan olduğumu qeyd edirəm. Görünür “Qafandanam” cavabı sürücü üçün ürəkaçan olur - tez bir zamanda bir neçə qafanlı şəxsi xatırlayır. Və beləcə söhbətin ilkin mərhələsi yekunlaşmaq üzrəikən sürücüyə növbəti sualı ünvanlayıram: Dayı, İrəvanın hansı məhləsindənsiz? Bu suala həmsöhbətim Dərələyəz cavabı verdiyindən daxilimdə özünü büruzə verən  "Dərələyəz İrəvan deyil axı" refleksini zahirə əks olunmağa imkan vermirəm. Cavabı nəqliyyat vasitəsinin yardığı hava axınının yaratdığı səs kirlənməsi səbəbindən səhv eşitdiyimi fikirləşərək yenidən “Hansı məhləsindən?” sualını səsləndirməli oluram. Kişi bu dəfə daha dəqiq cavab verməyə çalışır: Dərələyəzin Kotanlı kəndindən.
Kotanlı - bu kəndin adını eşitmək mənim üçün gözlənilməz olduğundan həmsöhbətlərimi təəccübləndirmək fürsətini əldən qaçırmıram. Tez Kotanlını tanıdığımı, yaxınlığında Göy Abbas adlı kəndin olduğunu bildirirəm. Onlar gözlədiyim kimi təəccüblənirlər, Göy Abbasında yaşayış olmadığını da bildirirlər. Növbəti sual-cavab mərhələsindən sonra isə məlum olur ki, Sovet dövründə demoqrafik göstəricisi şərti olaraq 70% azərbaycanlılardan, 30% ermənilərdən ibarət olan Kotanlıya ermənilər Sovet dövrünün erkən mərhələsində yerləşiblər. Mühacir ermənilər olan bu ermənilər Birinci Dünya Müharibəsi vaxtı məlum hadisələrdən dolayı Osmanlını tərk edərək bu bölgələrə  gəliblər və 1988-ci ilin may ayına kimi azərbaycalılarla birgə bu kənddə yaşayıblar. 
Məhz Kotanlı - 3 il sonra yenidən bu toponimi eşidirəm.
Həmsöhbətimin Ermənistan toponiminin əvəzedicisi kimi irredentist lüğətdən İrəvan sözünü seçməyi üstün tutduğunu isə biraz gec qavrayıram.
Sovet dövründən yaşayış olmayan Göy Abbas kəndində isə tez-tez xəzinəaxtaranların izinə rastlandığını qeyd edən sürücü  bununla kəndin qədimliyinə də toxunur. Mən isə artıq əsas sualımın vaxtının yetişdiyini hiss edərək Kəlbəcərin Qızsaxlamayan kəndi haqda söhbət açıram, ümumi məlumatlarla tanış etdikdən sonra belə bir şey haqda eşidib eşitmədiklərini soruşuram. Sərnişin qadın təsdiqləyərək yoldaşına tərəf çevrilərək  “Tavıs arvad (adı unutduğumdan şərti addan istifadə edirəm - red.) nağıl eləyirdi, oğlanları saxlayıb qızları kahada öldürürmüşlər.” - deyir.
Bəli, bununla da mənə lazım olan cavabı alıram. Bir saatdan çox çəkən bu yol yoldaşlığı yuxarıda yazdığım hadisəyə şifahi istinadın əlavə olunmasına səbəb olur. Əslində kəndə qoyulan addan da məlumdur ki, bu kəndlə əlaqəli olan yaşı düşən demək olar ki, hər adam bu hekayə ilə tanışdır, lakin mən belə bir şifahi istinada da ehtiyac hiss etdiyimdən cavaba sevinirəm. Çünki hələ də belə bir hekayə/hadisəyə tam inana bilmirəm, daha ciddi mənbələrə ehtiyac görürəm.
Bu mənada hər nə qədər hadisənin yaşandığı ehtimal olunan erkən Sovet dövrünü “hərc-mərclik”, “nəzarətsizlik” dövrü hesab etsək belə, rəsmi hansısa sənəddə, statistik göstəricidə hekayəyə aid şübhələrə son qoyulmasına səbəb olacaq faktların olmasına inanıram. Bu formada “kütləvi qırğın”a müdaxilə edilməməsinə, nəzərdən qaçmasına təəccüb edirəm. Bəzən bu təəccüblərim və yaş hesablamalarım məni hadisənin həmin əsrin əvvəllərində - 1905-ci il hadisələrindən sonra yaşanması versiyasına qayıtmağa məcbur edir. Lakin bu yaxınlarda həmyaşıdlarımdan birinin babasının təvəllüd tarixi ilə bağlı danışdığı kiçik fraqment şübhələrimin üstündən müəyyən qədər xətt çəkir: 
İstifadə etdiyim mənbələr: 
Həmyaşıdımın dediyinə görə sənəddə təvəllüdü 1928-ci il göstərilən babasının təvəllüd tarixi boy sırasına görə verilib. Belə ki sənədləşdirmə işlərinə başlayan hökumət nümayəndələri kəndin uşaqlarını bir yerə yığaraq boy sırasıyla düzürlər və hamıya boy sırasına uyğun təxmini doğum tarixi verilir - beləliklə həmyaşıdımın babasına 1928-ci il tarixi daha uyğun gəlir, əslində isə kişinin real doğum tarixi həmin tarixdən də bir neçə il əvvələ düşür. Belə bir sənədləşdirmə/qeydiyyat prosesi həmin dövrlə bağlı müəyyən təəssüratlar yaratsa da, yenə də qəti olaraq bir şey deməyə çətinlik çəkirəm.
26 dekabr 2020 tarixli əlavə
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bugün rəsmi Youtube kanalında işğaldan azad olunmuş Kəlbəcər rayonu Çıraq kəndindən videogörüntülər paylaşdı.
https://youtu.be/DroAxj38qB0
youtube
Nazim Qəhrəmanov, «I Dünya Müharibəsində Qafqaz cəbhəsində erməni amili». Bakı, "E.L.“ Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008. səh. 122. 
İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri». Bakı, “Elm”, 2002. səh. 209.
0 notes
caviddivac · 10 years ago
Photo
Tumblr media
Sumqayıt şəhəri, 8-ci mikrorayon, köhnə aptek
1 note · View note
caviddivac · 10 years ago
Text
Bloqun açılış nitqi
5 ilə yaxındır ki, bloq açmaq kimi arzu sahibi olmuşam. Qismət 5 yanvar 2016-cı il tarixinə imiş. Dünən - 4 yanvar 2016-ci il tarixində isə hərbi xidmətdən təxris olub öz ev-eşiyimə gəlib çıxmışam. Bloq açmaq həvəsinin intensivləşməsi də elə məhz əsgərlikdə başlamışdı. 
Çox uzatmayacağam, uzun sözün kəsəsi; beləliklə bloqun açılış mərasimi təxris olunduğum günün sabahısı, yəni 5 yanvar 2016-cı il tarixində baş tutdu. Camaat bloq yazmağı yadırğayanda mən bu işə başlamağa qərar vermişəm. Çox böyük ehtimalla ola bilsin ki, bu yazı bloqun ilk və tək yazısı olsun, ya da ki həddən artıq gec-gec yazı paylaşım.  
“Bloqda nələr ola bilər?” sualı sizin kimi məni də çox maraqlandırır; hələ tam qərarlaşdırmamışam. Hər halda maraqlı şeylər paylaşmağa çalışacağam, nəinki subyektiv fikirləri. Çün indi elə bir vaxtdır ki, subyektiv fikirlər içi mən qarışıq heçkimə lazım deyil.
Yəni bloqumuz ordan-burdan konteksində fəaliyyətə başlayır. Xeyirli-uğurlu olsun. 
0 notes