Text
Sən eşqə inanma, sən aşiq olma,
meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz
hələ yelləncəkdə yellənən qıza.
Mənim saçlarım da başıma dərddi,
mənim saçlarımın yaddaşı ağır.
Toxunma saçıma ağrıdar sonra...
sonra kəsdirərəm o – çığır-bağır.
Burax saçlarımı, o yol, o da sən...!
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
"Qısa saç üzünə yaman yaraşır" (c)
9 notes
·
View notes
Text
Hipokrat deyir ki, Qəlbə zərər verən iki şey vardır: qəm və qayğı. Qəm yuxu gətirər, qayğı isə yatmağa qoymaz...✨🍃
52 notes
·
View notes
Text
07:42 də gözlərimi açdım. Artıq sözün əsl mənasında səhər idi. Gecə növbəsində idim aptekdə. Gecə iş yoğun və olduqca yorğun keçmişdi digər gecələrə nəzərən. Dünəndən qalmış xoşbəxt bir təbəssüm var idi gözlərimin içində. Divandan aşağı salladım ayaqlarımı. Yarı yuxlu lakin bir o qədər də enerji dolu olmanın verdiyi ürək bulantısı ilə əllərimin arasına aldım saçlarımı. Bir neçə dəqiqə özümə gələndən sonra telefonuma baxdım. Saat 07:58 idi artıq və heç də yad olmayan o kəsin bildirişi ilə gözlərim bir az daha açıldı. Yenə və yenidən yatarkən atılan duyğu dolu, sevgisini ən ali şəkildə ifadə edən o uzun mesaj idi ekranımı bəzəyən. Ehmalca açdı barmaqlarım Mumu 💙 yazılı bildirişi. Oxuduqca içim açıldı, ruhum sanki mənimlə deyil o an onun yanına gedib yatmış, sakin və bir o qədər məsum duran simasını izləmiş, gözlərindən sakincə öpmüş, taa uzaqlardan üstünü örtmüşdü bu incə düşüncəli adamın. Uşaqtək sevinərək oxuduğum mesajda üzümün gülümsəməsini daha da dərinləşdirən, sevincdən ağlamaqlı bir halda oxudu gözlərim sətrləri. Mesajda; “ Uşaqkən Ay’a heyran idimsə, indi Ay belə sənə heyrandı. “ yazılmışdı. İçimdən bu cümləni analiz etdim istəmsizcə.
Uşaq vaxtı atamla gecə vaxtı yol gedərkən maşının pəncərəsindən Ay’ı izləyərdim. İçdən içə heyran idim mən də Ay’a. Valehedici görünüşü, zülmət gecəni aydınlada biləcək qədər güclü işığı və dolunay zamanı füsunkar yumruluğu bir sözlə hər halı ilə mənim ağlımı başımdan alırdı. Mənə elə gəlirdi ki, Ay hara gediriksə gedək bizi qorumaq üçün takib edir, mənzilimizə ötürən zaman dayanır, bir də haçansa evdən çıxsaq bütün hadisələr yenidən təkrarlanırdı. Gecə daim Gündüzlərdən maraqlı gələrdi mənə. Bəlkə də uşaqkən gecələr böyüklər biz balacaları oyaq qalmağa qoymadıqları üçün idi gecəyə sevdam. Səma zifiri qaranlığın içinə qərq olar, milyonlarla ulduz parlasa da Ay’ın işığını basdıra bilməzdilər. Mənin zehnimə bənzəyirdi gecələr. Milyonlarla fikir dolaşırdı başımda amma biri parlayır, biri bütün düşüncələrimi basdırırdı. Sanki göyüzünün deyil bütün dünyanın sahibi kimiydi o an Ay. Bütün gecə, bütün kainat, bütün insanlıq onun ovuclarının içində idi. Lakin çox sonralar öyrənəcəkdim Ay işığını Günəş’dən aldığını..
Mesaj məni tamamilə uşaqlığıma aparmışdı sanki. Qəribədir, onunla nə zaman danışsaq məni uşaqlığıma aparırdı zatən. Özümə döndərir, mənə kim olduğumu üzündə gözlərində gördüyüm məmnunluqla xatırladırdı. Sanki özünə də xoş gəlirdi balaca qızı görmək, onun hisslərinə toxunmaq. Bütün duyğu dolu sözlərini bitirərkən seçdiyi son cümlə qəlbimi isitməyə bəs etmişdi. “ Sənə olan sevgim, Ay’a heyran olsam belə ulduzları saymağa çalışmaq kimi sonsuzdur. “ Bir neçə dəqiqə daha baxdım ekrana, göz gəzdirdim özənlə seçib yazdığı cümlələrə. Və sətrlərinə əlavə etdim. “ Unutmamaq lazımdır ki, Ay işığını Günəşdən alır. Sən olmasan, mən heç bir zaman işıq saça bilməzdim. Sən mənim Günəş’imsən. “ Sətrlərimi bitirirdim və hava almaq üçün aptekin qapılarını sonuna qədər açdım.
Hava fevral üçün olduqca mülayim idi. Günlərlə yağan qar özünü bir anlıq günəşin şüalarına buraxıb çəkilmişdi səmalardan. Tanış qoxu dolanırdı havada. Uşaqlar dərsə tələsir, kimiləri iş yerlərini açır, kimisi isə bəlkə də görüşü üçün yanımızdakı gül mağazasının açılmasını gözləyirdi. Maşınlar asvaltda izlər buraxaraq sürətlə şütüyür, borularından çıxan duman havada bir neçə saniyə qalıb dağılırdı. Uşaqkən getdiyim məktəb yollarını anımsadım. Qoxu bu qoxu idi. Bir isti bulkanın çayla zorunlu şəkildə yeyildiyi, yun papaq saçlarını qarışdırsa da soyuqdan qorunmaq üçün istəksizcə taxıldığı, yol gedərkən küləyin, sazağın gözlərini yaşardıb, burnunu yanaqlarını qızartdığı o qoxulu anlar. Bu dəm dərsə gedən balaca bir qız gördüm, binanın yanı ilə ehtiyatla addımlayırdı. Ara sıra şərfini ağzına çəkir nəfəsi ilə özünü isidib davam edirdi. Balaca boyuna rəğmən çantası onun üçün böyük idi, çəhrayı mantosu, qara çəkmələri, bəyaz corabları və rəngarəng şərf papağı ilə necə də seçilirdi yaşıdlarından. Digər uşaqlar sürətlə gəlib balacanı keçir, bəzən ilişib istəmədən də olsa onu sarsırdılar. Qızcığaz tələsmək istədi lakin nəfəs darlığının amansız yaxalaması nəticəsinsə özünü tənzimləməli oldu. Əlini sinəsinə götürüb bir neçə dəfə yavaşca vurdu. Sonra yenidən öz ampulasında davam etdi. Ona yaxınlaşıb danışmaq istədim lakin sirri pozardım.İnsanlar böyümək üçün tələsir, böyüyən zaman isə yenidən körpə olmaq üçün hər şeylərindən keçəcək həddə gəlirdi qəribədir..Təmiz havanı ciyərlərimə çəkib qapını bağladım.
İçəri otağa keçib siqaretimi yandırıb aynadakı əksimə baxdım. İki il öncə gözləri xarabədən seçilməyən, saçları qara və ona görə uzun, sanki tüm kinini dırnaqlarından çıxmışmış kimi qısacıq dırnaqları, titrəyən əllərin yerini; rəngli qısa saçları, uzun yaşıl dırnaqları, parlayan iri gözləri almışdı. Əllərinə isə çarə yox idi, hələ də titrəyir hələ də yay qış buz kəsirdi. Necə də dəyişmişdi. Sevgi onu dəyişdirmişdi. Gülümsədi qarşında bu sətrləri yazmağa vəsilə olan o adam varmış kimi. Ona özünü qaytardığı, sevdiyi və gözlərindəki parıltını gətirdiyi üçün minnətdar idi..
Siqaretimi söndürüb əllərimi buz su ilə yudum. Su get gedə isti gəlməyə başlamışdı artıq. Əllərim donarək soyuq su isti su kimi hissetdirmişdi. Olduqca tanış hadisədir dedim içimdən. Bəzən aid olmadığımız yerdə o qədər qalmaq üçün özümüzü məcbur edirik ki, sanki bilinç altımız oranın parçası imişik kimi hiss edir. Bədənimiz istəmsizcə o iqlimə alışıq olmasa belə alışır. Sizi siz olmaqdan çıxaran, özünüzdən uzaqlaşdırıb yadlaşdıran heç bir yerdə qalmayın. Öz baharınızı, çiçək açdığınız torpağı axtarın. Bir çay için və bu dünyanın dadını çıxarıb çiçəklənin..
Səhər deyilə bilməyəcək qədər gec oyandım yuxudan. Demək olar artıq günorta idi və mən hələ də dünəndən qalma bədənimi çarpayının kənarına ata bilməmişdim. Hər zaman özəl günlərdə içməyimizə rəğmən dünən axşam yeməyində atamla bir iki qədəh söhbət edərək içmişdik. İçkinin vermiş olduğu baş ağrısı ilə çox gec yatmış və həmin ağrı ilə də oyanmışdım. Hava yanvar ayı üçün çox mülayim hətta olduqca yaxşı keçirdi. Bakı sakinləri üçün dünən " qar " sayıla biləcək dərəcədə qar da yağmışdı hətta. Atamın "qalx hələ pəncərədən bax qızım, hər yer ağappaq olub" cümləsi belə məni həyəcanlandırmamış əksinə bir az içimə kədər toxumlarını səpmişdi. Ağlıma qardaşım ilə azıcıq qar yağan kimi balkona qaçıb əylənməyimiz gəlmişdi. Bu ondan kənar keçirdiyim ilk bayram, ilk qar və ilk ad günüsü olmuşdu. Özümə etiraf edə bilməsəm belə dünən içərkən bunların hamısını yenidən xatırlamış içimdə qardaşıma qarşı olan dərin həsrəti gün üzünə çıxarmışdım. Burnuma gələn tanış qoxu boğazımı yandırır sanki içimdə olan balaca alovu daha da gücləndirirdi. Hər fəslin öz ayrı qoxusu olduğuna inanıram və bu fəsil mənə qardaşımın qoxusunu gətirirdi. Pəncərəni açıb bir neçə saniyə havanı iylədim qoxunu ciyərlərimə həbs etdim və beynimə daha yaxşı həkk etmək üçün bunu bir neçə dəfə də təkrarladım. Nəfəs almağın necə bu qədər çətin olduğunu düşündüm o an. Günlük olaraq gördüyümüz balaca işlər belə darıxan zaman tamamilə bir əzaba çevrilirdi. Hasarın üstündə yeriyən boz pişiyin addım atdıqca qarda buraxdığı sevimli izləri izlədim bir müddət. Yenidən qoxunu içimə çəkib pəncərəni və ardından pərdəni sona kimi bağladım. Ağlımda isə dolanan o misralara qarşı qoya bilmədim; " Yel əssin, qoxusu gəlsin " .
Nəhayət bu düşüncələrdən özümü xilas edib kofe içmək üçün mətbəxə keçdim. Atam yenə incə düşüncəsi ilə çoxdan çaydanı qısıq atəşdə qaynamaq üzrə qaza qoymuşdu. Özümə kofe hazırlayıb pəncərəni açdım hava almaq üçün. Göyüzü çox təmiz və təravətli idi bu gün. Yenə səmalardan qardaşımın qoxusu gəlirdi amma bu dəfə bu məni üzmək yerinə dodaqlarıma xəfif bir gülüş buraxmışdı. İçimdə özümlə qürur duydum. Nə qədər emosional olsam belə bir şeyləri tez arxamda qoymağı bacarmışdım. Mənə görə çətinliyini bildiyim üçün əlimdə olsa saçıma sığal çəkərdim deyə düşünüb bu düşüncələrimə güldüm. Qarlar demək olar ki, ərimiş hasarların və kölgəlik olan yerlərin dibində bir az qalmışdı. Ətraf sakit idi lakin bu sakitçiliyin içində olan qarmaşanın səsini eşidə bilirdim. Hər kəs harasa tələsirdi, kimisi dərsə, kimisi işə, kimisi isə bəlkə də ilk görüş üçün mənzillərinə. İnsanlar necə də qəribədir deyə keçirdim bir an ağlımda. Qarşı binalarda yüzlərlə insan yaşayırdı və hər kəs bir-birindən xəbərsiz idi. O evin qapısı bağlanan zaman içəridə olanlar xaricində kimsə nə baş verdiyini bilmirdi. O dörd divar arasında kimisi həyatla mübarizə aparır, kimisi əylənir, kimisi ən pis və ya ən şad xəbərini alır, ağlayanlar hətta gülməkdən gözündən yaş gələnlər, kitab oxuyub pişiyinə sığal çəkənlər ya da heç yuxudan oyanmayalar da ola bilərdi. Mənim kimi onları düşünən var idim görəsən ? Bunun cavabını heç vaxt bilməyəcəkdim.
Sakit keçəcəkdi bu günüm də, bir az yüngülləşmək adına ilıq suyun yaxşı gələcəyini düşünmüş və duş tərəf yollanmışdım. Yeni və çəhrayı olan çox şeyi sevirdim. Bu dəfə şansıma atam sabunumuzu çəhrayı seçmişdi. Səbəbsizcə bu məni həyəcanlandırmış və qoxusunu duymaq üçün tələsdirmişdi. Lakin mənə xatırladacağı şeyin ağırlığını açandan sonra öyrənəcəkdim. Üstündə bəzəkli tonla "Duru" yazılmış üstü çəhrayı altı isə ağappaq olan oval formalı sabunu ovuclarımın arasına aldım. Qoxusunu daha yaxşı duymaq üçün suyun altına yaxınlaşdım və bir neçə dəqiqə bu qoxunu hardan tanıdığımı analiz etməyə başladım. Fikirli halda duşdan çıxmaq üçün tələsdim çünki qoxunun hekayəsini tapmışdım.
Uşaqkən əvvəlki evimizdə idik. Qış idi və bəxdimizə şaxtalı keçirdi bu aylar. Necə olur ki, xatirələr belə öz anlarını bilir və ağlıma gəlirdi ? Demək onlar da yaxşı bilirdi məni hardan vuracaqlarını. " Söz vaxtına çəkər " deyərdi nənəm hər şeydə olduğu kimi bunda da haqlılığını qorumuşdu. O zamanlar bəlkə də şəraitin azlığından sular donmuşdu ya da elə güclü şaxtadan idi bu su problemi. Çox evin qapısı tam olaraq ardına kimi qardan açılmırdı. Anam əllərim üşüməsin deyə öncə öz əlini isladıb üzümü gözümü yuyardı. Əslində çox da nəsə dəyişməzdi bu dəfə su birbaşa dərimə təmas etməsə belə anamın soyu əlləri ondan geri qalmazdı. Bunu bəlkə də bilmirdi mənsə bilsəm də heç nə demir onun bəlkə də özünü pis hiss etməsindən çəkinirdim. Nə qədər qıymayıb mənə əlimi suya vurmamağı tapşırsa da mən əllərimi sabunlamadan dərsə getmək istəmirdim. Gün boyu əllərimi iyləyər öz dünyamda sabunun qalıcı olub olmadığın yoxlayardım. Bu sabun o sabun idi. Uşaqlığımın qoxusu. Soyuğun vermiş olduğu təsirlə oyanmış lakin bir gözü bağlı anasının peçin başında üşüməməsi adına məktəbli köynəyini qızdırıb böyük bir qayğı ilə qızına geyindirdiyi anların qoxusu. Yeni alınmış bir cüt ayaqqabını sabah geyinəcəyi üçün həyəcandan gecəni yatmaqda çətinlik çəkən körpə uşağın yuxuya gedəndəki anların qoxusu. Soyuq olmasın deyə üst-üstə geyindirilmiş addım atmağa gücü qalmayan üstünə bir də ağır çantasını daşımalı olan çəlimsiz o balaca qızın qarda maşına tərəf ayaqlarını sürüyərək apardığı anın qoxusu. Sabahları ürəyi bulandığı üçün yemək yeməyən amma anasının gecədən onun üçün hazırladığı bulkadan inciklik olmasın deyə götürülən bir diş tikənin çətinliklə udulduğu anın qoxusu..
Boğazımda oluşan o yanma hissi bu dəfə özünü daha böyük bir odun içində tapmışdı sanki. Sakincə otağıma yüyürüb çarpayının bir kənarına oturdum, saçlarımdan axan suların məni islatmasına icazə verdim. Xatirələrin niyə bu qədər acımasız olduğunu böyüdükcə daha yaxşı başa düşürdüm. Uşaq vaxtı böyüklərin səssiz sədasız bir nöqtəyə baxdığı zaman nə düşündüklərini indi daha rahat anlayırdım. Anlamaqla qalmır bəlkə də elə onların düşündüklərini də düşünürdüm.
Bir neçə dəqiqə sonra özümü toparlayıb ətrafda özümdən qeyri ixtiyarı anamı axtardığımı hiss elədim. Gözlərim burda olmadığını bilə-bilə hələ də gəzirdi onu. Hər gün analarını görənlərin şansından arzu elədim özümə. Bir zamanlar mən də onlardan biri idim. Amma bilmirdim ki, bu baş verən bəsit hadisələr gün gələr mənim üçün əlçatmaz və bir arzudan ibarət olar.
Zaman çox qəddardır və öz ardı ilə apardığı heç kimi, heç nəyi və heç bir xoş hadisəni yenidən özü ilə gətirmir. Özümü bir anlıq o ana yenidən dönmək və qoxunun içinə həbs etmək istədiyimin fərqinə vardım. Mümkün olmadığını bilirdim amma məni kimsə bu xəyal aləmindən alıb çıxaracaq gücdə də deyildi. Anam olsa "dur saçlarını qurut anaş, soyuq olacaq. Bir stəkan da çay iç, adam yuyunandan sonra susayır" deyərdi deyə düşünüb çay qoymağa getdim. Ola bilər ki, burda cismən mənimlə deyildi amma qəlbimdə onun izi ilə gedirdim. Bundan xəbəri olmasa da olardı.
Özlüyümdə bu hadisənin mənə hər anın dadını daha yaxşı çıxarmağı öyrəndiyini düşündüm. Mətbəxə gedən yolda atamı oyatmamaq üçün yavaş addımlarla keçib çayımı süzdüm. Qarşımda anamın olduğunu varsayıb özümdən asılı olmadan buruk bir gülüş atdım qarşımdakı stola. Hər şeyə rəğmən həyat gözəl idi və yaşanmağa dəyərdi. Nə demişlər zaman dərd çəkən zaman uzun, xoşbəxt olan zaman çox qısa, acı çəkərkən isə sonsuzdur. Sonsuzluğumun sonunun gəlməsini bir qurtum çayı bir neçə addım ötədə divanın üstündə yatıb qalmış atamın sakit amma bir o qədər də səsli nəfəs almasını öz nəfəs alışımla tənzimləyib içərkən gözləməyə başladım..
11 notes
·
View notes