sevncly
sevncly
sevncly
2 posts
Don't wanna be here? Send us removal request.
sevncly · 4 years ago
Text
Səssiz Hayqırış
Bəzi anlar vardır.
Bizi bizdən uzağlaşdıran.
Bəzi anlar vardır.
Bizi bizə yaxınlaşdıran.
Bəzi anlar vardır.
Bizi biz edən.
Həqiqətən kim idik biz?
Hər gün aynada gördüyümüzmü?
Yoxsa içimizdəki fısıltının yönləndirdiyimi?
İnsanların bizdə gördüyümü?
Görmək istədiyimizmi?
Hər gün içində oyandığımız bu bədən əslində kimə aiddir?
Kim üçün hərəkət edib, nəyin bədəlini ödəyir?
Əgər gerçəktən varıqsa biz, əslində kimik biz?
Ruh bədəndən ayrılanda da yaşayır deyirlər. O zaman içində olduğumuz bu bədən bizə kimin əmanətidir?
Ruhunu görə bilsəydi insan, yenə də yaşamaq istərdimi?
Bəlkə də bu bizə bir hədiyyədir: ruhunu görmədən yaşamaq.
Bəlkə hər gün nifrətlə baxdığımız bu bədən bizdən ruhumuzun kirliliyini gizlədir.
Bəlkə də bədən saf olan ruhumuzu kirlətməməyimiz üçün bir qoruyucu kimi verilmişdi bizə.
Ruhumuzun da bədənimizdəki kimi çirkin, gözəl kimi adları varmı?
Çirkin olmaq bizə əmanət bu bədənə aiddirsə, ruhum gözəl idimi?
Uşaqlar ən saf varlıqlardandır deyirlər.
Uşaqlar çirkin olardımı bəs?
Uşaqların ruhu da təmiz idisə, necə çirkin ola bilirdilər?
Deməli, çirkin bədənə verilən ad idi.
Çirkin bir bədənin varsa, çirkin deyilirmiş sənə.
Çirkin dedilər mənə.
Uğursuz dedilər, cadı dedilər.
Ölüm mələyi dedilər. Velia dedilər.
Amma heç uşaq demədilər. Körpə demədilər.
Sevgi demədilər, nifrəti göstərdilər.
Daha yeni danışmağa başlayan körpənin dilinə nifrət toxumlarını əkdi onlar.
Uşaq tərtəmiz kitaba bənzəyirmiş. Onun ilk səhifəsini valideynləri yazırmış.
Mənim kitabımın ilk sözü ‘ölüm’, baş qəhrəmanı isə ölüm mələyi idi. Toxunduğu hər şeyi məhv edən.
Həqiqətən, nə idi mənim günahım?
Yanlış zamanda doğulmaqmı?
Çirkin bir bədəndə doğulmaqmı? Amma gözəllik nə idi, bilmirdim ki mən.
Hər gün aynada gördüyümün adını ‘Çirkin’ sandım mən.
‘Çirkin’ bir ad, mənim adım da odur sandım.
Təmizlənmək üçün yollar axtardım, amma tapmadım, tapa bilmədim.
Hərçənd kirli olan aynadakı yansımam deyil, gözlərindəki yansımam idi.
Çirkin insan deyildim mən. İnsanların çirkin elədiyi idim.
•••
Ruhum zəncirlərin arasında qalmışdı o an. Və edə bildiyi tək şey hayqırışlarını bir musiqinin notlarının arasına sığışdırmaq idi:
“Bir kiçicik aslan varmış,”
Musiqi.
Musiqilər zehnimizin ən dərin qapılarını açaraq gizli qalmış düşüncələri çıxarıb bizi rahatladır.
Ya gülürük, ya ağlayırıq onlarla birlikdə. Hər anımıza şahidlik edirlər.
Bəs biz? Həqiqətən dinləyirikmi onları?
Musiqilər hər zaman rahatlatmaq üçün yazılmır. Bəzən arxalarında müəllifin səssiz hayqırışları olur. Hər sətrində bir gözyaşı olur.
Notlar müəllifin səsi , sözlər gözyaşları olur.
Nə qədər acımasızdır ki, bəzən biz onları gülərək dinləyirik.
Bəzən ağlayır, heç görmədiyimiz bədənlərə sarılıb, heç bilmədiyimiz ruhlarla dərdləşirik.
Küləkdən uçuşan saçlarımın və batmış səsimin müşayiəti ilə musiqini fısıldadım:
“Bir kiçicik aslan varmış.”
Külək.
Külək musiqinin tam əksinə səsli hayqırışları çatdırır bizə.
Dünyanın bir ucundan birinin ağlayışını, qışqırığını, bir körpənin göz yaşını, bir ananın naləsini, bir sevgilinin fısıltısını…
‘Küləyin səsi’ deyirik bəzən. Amma hardan bilə bilərik ki, o, bəlkə də bir yerlərdə acı çəkən bir insanın bizə çatmış səsidir.
Ya da bir yerlərdə yardım dilənən birinin.
Bir insanın səssizcə mırıldandığı gizli qalmış bir sirri çatdırır bəlkə.
Hər kəs bir an sussa eşidərdikmi küləyin söylədiklərini?
Necə gözəl lütfdür deyilmi külək? İnsana canlı olduğunu hiss etdirən.
Fəqət külək belə mənə canlı hiss elətdirmirdi. Yaşıyırdım, nəfəs alırdım, amma orda deyildim sanki.
Yelləncəyin cırıltılı səsi o an bütün səsləri əvəz edirdi.
Baxmayaraq ki, onun nəfəs alış-verişlərinin səsi daha möhkəm gəlirmiş kimi hiss etsəm də.
Dərin-dərin nəfəslər alıb verirdi. Sanki ciyərlərinə ömrünün geri qalanına yetəcəkmiş qədər nəfəs yığırdı.
Hərçənd ömrünün geri qalanı deyərkən nə qədər qalmışdı ki?
10 dəqiqə? 5 dəqiqə? 1 dəqiqə? 30 saniyə?
Nə qədər qalmışdı?
Son sözünü deməyinə,
Son nəfəsini verməyinə.
Nə qədər qalmışdı?
“Çöllərdə qa-qa qaçar oynar imiş.” Biraz daha sürətləndirərkən yelləncəyi musiqimi oxumağı da unutmadım.
İləri-geri, iləri-geri.
Yelləncəklər.
Çox uşağın uçduğunu xəyal elədiyi yer deyilmi?
Özünü quş kimi hiss etdiyi.
Göyə çatmaq istədiyi, ağaclara meydan oxuduğu.
Oturdulanda düşmək istəmədiyi.
Deyil.
Hərçənd mən yelləncəyə əylənmək üçün oturmamışam.
Həqiqətən, mənə nə vaxt əylənim deyə bir şey edilib?
“Anası onu pək çox sevərmiş.”
Dilindən tökülən mahnı sözləri insana bu qədər yad olardımı?
Anasını onu çox sevərmiş.
Sevərmiş.
İləri-geri, iləri-geri, biraz da sürətli, biraz da sürətli.
Uçmaq istərcəsinə sürətli.
Biraz da sürətli.
Yelləncəyin hər biraz daha sürətində, onun nəfəs alış-verişləri biraz da artırdı.
Verdiyi hər nəfəs son nəfəsinə bir addım idi.
Bəlkə də, yelləncəyin sürəti ölümünə qalan vaxtın uzandığına işarə idi.
Kim bilir?
Mən.
Bir insanın həyatına nə qədər qaldığını kim bilə bilərdi?
Tanrımı?
Ya Tanrı deyilsizsə? Amma bilirsinizsə.
Yelləncək yellənəndə uçuşan saçlarım üzümə dəydikcə, sanki o an heç kim yox imiş kimi hiss etmək istədim.
Dünya dönmürmüş kimi, insanlar yoxmuş kimi.
Mən burda, harda olduğunu bilmədiyim bu yelləncəkdə oturmurmuş kimi.
Qabağımda ölümünü gözləyən gözü bağlı adam yoxmuş kimi.
Yaşamaq istədim.
Yaşamaq.
Yaşamaq sözü hər nə idisə artıq.
Nəfəs alıb-verməkmi? Amma onu etməsək ölmüş olmuruqmu?
Bəs onda niyə yaşayırmış kimi hiss etmirəm?
Azad olmaqmı?
Nə idi məni dayandıran?
Xoşbəxt olmaqmı?
Xoşbəxtlik nə idi ki? Xoşbəxt insan varmıydı?
Xoşbəxtlik nəyə bağlıydı? İnsanlaramı, bir insanamı?
Nə idi xoşbəxt yaşamaq?
“Sən mənim ca-ca canımsan deyərmiş,”
Mahnının bir sətri insanı bu qədər incidərmi?
İçimdə solan o gülüşə izin verdim. Dodaqlarım yuxarı doğru qıvrıldı içimdəki incə sızıltıya gülərcəsinə.
Nəyə gülürdüm?
Məni güldürən oxuduğum mahnının mənə aid olmayan sözləriydi?
Yoxsa o sözlərin yoxluğunun bu dəqiqə bu şəraitə səbəb olmasımı?
“Sən mənim ca-ca canımsan deyərmiş.”
Niyə sevmədin məni, ana?
Canın olmadımmı mən sənin?
Övladlar analarının canından bir parçadır deyirlər. Canından oldum da, bir parçan ola bilmədimmi mən?
“Aslan qardaş parkda vurulmuş.”
Analar uşaqlarını qoruyarmış, ana.
Sən mənə qorumağı öyrətmədin, fəqət mən hardan öyrəndim?
Mən səni qorumağı necə öyrəndim?
O kiçicik bədənimlə qorumaq istərkən səni, vurmadılarmı məni?
O təmiz əllərimlə qorumaq istərkən səni, ləkələmədilərmi məni?
Getmə istəmişdim, qal istəmişdim.
Sevmə məni, amma yanımda qal istəmişdim.
Mən səni qoruyardım, anacan. Son nəfəsinə qədər geri itələməsəydin məni.
Bilirsənmi?
Necə incitdilər məni?
Bilsəydin bu qədər incinəcəyimi yenə də gedərdinmi?
“Balacası çö-çö çöldən qovulmuş”. Düşüncələrə dalıb unutduğum yelləncəyi sürətləndirərkən musiqiyə də davam etdim.
Qovulmuşdum.
Qovdular məni.
Sevgi görməyən bir uşaq sevgi verə bilərdimi?
Mən bunun cavabını bilmədim.
Amma insanlar bunun cavabını bilirdi, demək ki. Sevgi verə bilməzdim deyə itələdilər məni.
Sevgisizliyin çarəsi vardımı?
Çarəsi deyirəm, vardımı?
Soruşa bilmədim ki mən.
Amma hey qışqırdım: “Mən sevgi kimi nifrəti də bilmirəm.”
Nifrət sözünü onlardan eşitdim mən.
Nifrəti insanlar göstərdi mənə.
Ağlıma gələn görüntülərlə nəfəs alış-verişim də sürətlənmişdi.
Zehnim məni olduğum bu yerdən qaçırmışdı sanki. Amma kaşki əbədi qaçıra bilsəydi.
Baxmayaraq ki, çılpaq ayağım yerə basdığı an gerçəkliyə geri dönəcəkdik.
Gerçəklik nə idi?
Kimsəsiz qızın adını belə bilmədiyi bu yerdə birazdan bir həyata son qoyacaq olduğumu?
Ayağıyalın bir qızın birazdan əlini qanla bulayacaq olmağımı?
Zehnimdə dolaşan bu suallara ‘dur’ demək istərcəsinə davam etdim mahnıya: “Bu hekayənin sonu pək xoş imiş,”
O an onun aldığı nəfəslər qulağıma böyük gurultu kimi gəlirdi.
Sanki onun nəfəs səslərini basdırmaq istərcəsinə daha da hündürdən oxudum:
“Bu hekayənin sonu pək xoş imiş.”
Yelləncək. Külək. Soyuq.
Biraz daha sürətli.
Yelləndikcə küləyi yaran bədənimə şiddətli bir titrəmə gəlirdi. Yavaş-yavaş bütün bədənimi əsir alan.
Hissizlik zəhər kimi ruhuma yayılır və duyğularımı uyuşdururdu.
Səbəbi həqiqətən soyuq idimi?
“Söyləmərəm sö-sö söyləmərəm boş imiş.”
Mahnının son sözləriylə birlikdə artan nəfəs alış-verişləri titrəməmin şiddətini artırırdı.
Gözlərimi yavaş-yavaş açdım.
Qarşımdaydı.
Onu son buraxdığım vəziyyətdə.
Gözləri bağlı.
Dizlərinin üstündə.
Bədəni bir quş məsəli titrəyirdi.
Dodaqları otuz iki illik həyatının son nəfəsini vermək üçün aralanmışdı.
Saqqalı belə titrəyirmiş kimi idi o an.
Qaşları çatılmış, bütün üz əzələləri gərilmişdi.
Vaxtı çatmışdı.
Bilirdi, bilirdim.
Yelləncəyi dayandırmaq üçün bir ayağımı yerə basdım. İkincisini də.
Çox yavaş hərəkətlər edirdim.
Sanki bu anı uzatmaq üçün.
Amma o səbrsiz idi.
Gözlərini görməsəm də bunu bilirdim.
Çünki onunla keçirdiyim bir ay mənə çox şey öyrətmişdi onun haqqında.
Qurban olaraq girdiyin bir qapıdan qatil olaraq çıxmaq.
Ayağa durdum.
Hərəkətlərimdəki yavaşlıq onu çilədən çıxarmışdı ki, bunu da təsdiqləyən sözləri oldu: “Bitir artıq bu işi!”
Səsi, o qədər əmin idi ki.
Məndən başqa digər bir insan eşitsəydi ölümə deyil, azadlığa çıxar sanardı.
Amma həqiqətən də elə deyilmi?
Ölümüylə ikimiz də azad olmayacaqdıqmı?
Gözüm ətrafı dolandı. Yelləncəklə onun arasındakı masada qoyduğum şey hələ də öz varlığını qoruyurdu.
Ayağlarıma hərəkət əmri verib masaya yaxınlaşdım.
Öz varlığıyla ‘burdayam’ deyə bağıran silahı əlimə aldım.
Ağır.
Buz kimi soyuq.
Eyni duyğularım kimi.
Gözlərim o qədər hissiz baxırdı ki, bəlkə sadecə iki ay əvvəl görəndə qorxub qaçacağım bu alətə indi mənasız baxırdım.
Bir, iki, üç, dörd.
Dörd addımda onun qabağına keçdim. Amma bu dəfə əlim dolu.
Üzü daha da gərilmişdi.
Üzünə bir neçə saniyə baxıb, çəlimsiz əlimi qaldırdım.
Silahı düz alnına nişan aldım.
Sadecə bir hərəkət.
Bir hərəkətlə, bir xırda hərəkətlə yox olacaqdı.
Bir insan, bir ömür.
Bir ömür neçə ömürə bədəl?
Onun ölümü.
Daha neçə ömürə bədəldi bilmirəm, amma sadecə bir həyat üçün belə onu yox eləməyə hazır idim.
Barmağımı tətiyə qaldırdım.
Qatillər beləmi qıyırdı bir cana? Donuq, hissiz.
Bədənimi sanki o an mən idarə eləmirdim.
Beynimin dərinliklərində mənə əmr verən o səs bütün bədənimin idarəsini üstünə götürmüşdü.
“Bitir artıq bu işi, dayana bilmirəm, bitir!”
Qışqırdı. Səsi küləklə bərabər əks-səda verdi.
Səsiylə bədənimdə bir oyanma oldu sanki.
Səsi beynimin içində sadecə bir hərəkətə hazır gözləyən o iblisi oyatdı.
Məni cəhənnəmə dəvət edən o iblis.
Düşüncələrim sadiq mənzili olan zehnimi tərk edib yerini o iblisə buraxdı.
Son dəfə baxdım qurbanımın üzünə.
Bir toxunuş.
Bir çəkiş.
Və bam.
Bir həyatın sonu.
Bədəni hüzursuzca tərpəndi.
O hazır idi qurtulmaq üçün. Bəs mən?
Hazır idimmi? Qurtulmaq üçün.
Bu hekayədə hər ikimizdə qurtuluruqsa pis tərəfi nədir?
Pis tərəfi olmalıydı.
Hər ölümdə pis tərəf olmurdumu?
Yoxsa qurtulmaq üçünmü ölürdü insanlar?
Ölən qurtulurdusa, öldürən nəyə məhkum idi?
Öldürən qurtulurdusa ölənin yeri haraydı?
Gözlərimi yumdum.
Nəfəsimi tutdum. Eyni onun kimi.
Beynimdə dönən düşüncələr bir anlıq yavaşladı. Eyni dünya kimi.
Sanki hər şey durmuş, yavaşlamış o an olacaqları izləmək istəyirdi.
Tək şey vardı.
Durdura bilmədiyim tək şey vardı: beynimin ən dərin qatındakı o iblis.
Varlığını bu saniyələrdə ən dərindən hiss etdiyim.
Bir ilan kimi səssiz, lakin bir o qədər də hiyləgər.
İblis ruhuma büründü, ruhum isə qaranlığın ən tünd tonlarına.
Yarpaqlar əsməyi, quşlar uçmağı, külək əsməyi dayandırdı.
Hər şey durdu, amma o durmadı.
‘Çək!’ dedi o an.
‘Tətiyi çək!’ dedi içimdəki iblis.
O fısıldadı, amma silah qışqırdı.
Bütün dünya susdu o an, amma silah hayqırdı.
Bütün rənglər gizləndi o an, amma qanın üzümə yayılan o qırmızısı çıxdı üzə.
Bütün bədənim hissizləşdi o an, amma bədənimə yayılan qanın verdiyi istilik öz varlığıyla ‘Burdayam’ dedi.
Bütün qoxular səssizləşdi o an, amma qanın qoxusu mənə öncədən tanıdığım o hissləri pıçıldadı sanki: qorxu.
Qurbanımın qanı.
Onun qanıydı.
Yavaşca araladığım göz qapaqlarımın arasından baxdım ona.
Yatırdı.
Yerdə.
Hərəkətsizcə.
Onu yerdə, o vəziyyətdə görən beynim dumanlı düşüncələrin arasından tozlanmış kitabın vərəqlərini açaraq tanış heyəkəni fısıldadı mənə.
Film lenti kimi gözümün önünə gətirdi şahidlik elədiyim o anları.
Keçmişin pəncələri yaxamı yenə də buraxmaq arzusunda deyildi:
“Ana…!”
Kiçik qız qışqırır, hey qışqırırdı.
Anasının cansız yatan bədəninin başında dayanmadan qışqırırdı.
Oyanıb o gözəl mavilərini yenə bəxş edərdi ona deyə daha bərk qışqırırdı.
Bəlkə də, o yanlış anlamışdı.
Bu qan anasının deyildi.
Bəlkə də gördüyü heç qan deyildi.
Ömründə neçə dəfə qan görmüşdü ki?
“Ana, oyan.”
Daha bərk.
“Ana!”
Daha da bərk.
Amma oyanmırdı.
Kim bu qədər səsə yata bilərdi ki?
Hələ də onun anası.
Anası onun səsinə səbr edə bilməzdi.
Anası onun səsini heç tanımazdı ki.
Bəlkə də, tanımırdı deyə oyanmırdı deyə düşündü kiçik qız. Özünü tanıtmaq məcburiyyətində hiss etdi.
“Ana, mənəm, Velia, oyan.”
Duruxdu bir an.
Velia.
Ölüm mələyi, uğursuzluq simvolu imiş.
Bəlkə də, o uğursuzluğu hər gün eyni adı daşıyan bu qız gətirmişdi anasına.
Amma uğursuzluq nəydi bilmirdi ki bu qız, onu heç görməmiş, heç tanış olmamışdı.
“Ana,”
Bir damla yaş süzüldü yanaqlarından.
İtirmək qorxusunun verdiyi hiss isə çoxdan yayılmışdı ruhuna.
Getdikcə bədənini əsir alan titrəmə bir ilan kimi zəhərini yayırdı bədəninə.
Soyuq. Buz kimi soyuq idi anası.
Amma o həmişə eləydi deyilmi?
O qədər soyuq baxardı ki, qışda əlinə aldığı qar belə soyuq gəlməzdi onun gözlərinin yanında.
Faydasız idi. Qışqırıqlar, hayqırışlar, hərçənd anası bir daha səssizləşmişdi o an.
Lakin kiçik qızı incidən bu deyildi.
Anasının gedişində belə onunla danışmaması, ona sarılmaması idi onu incidən.
Amma olsun.
Anası son nəfəsini verərkən gülmüşdü.
Bəlkə ona gülməmişdi. Bəlkə artıq qurtulduğu üçün gülmüşdü, amma kiçik qız yarımçıq olan o gülüşə şahid olmuşdu.
Bəlkə ona gülməmişdi, amma görmüşdü deyilmi?
Bəlkə onunla gülməmişdi amma gülüşünə birlikdə şahidlik etmişdilər deyilmi?
Sanki gözyaşları içində doğan bu ümidə əksmiş kimi hiss etdi. Narın əllərini qaldırıb tez gözyaşlarını sildi.
Anası onu qucaqlamadı deyə də üzülmüyəcəkdi.
Hərçənd, o artıq istədiyi qədər qucaqlaya bilərdi anasını.
Necə olsa anası bugün dərin yuxudaydı, o qalxana kimi həsrət olduğu o bədəni sımsıxı sarmalaya bilərdi.
Həm də qorxmadan, azadca.
Əsəbləşməyəcəkdi, cəzalanmıyacaqdı.
Elə də oldu.
Mavi gözlü kiçik qız qaranlıq öz tonlarını səmadan çəkənə qədər qucaqladı onu.
Anası o qədər soyuq idiki, daha çox çəkdi onu özünə. Anası üşüyürdü yerdə. İsitməliydi onu.
Analar bu qədər soyuqmu olurdu?
Yəqin ki, belə olurdu.
Harda görmüşdü ki isti ana qucağı?
Saatlar, dəqiqələr keçdi.
Amma anası qalxmadı.
Axşam da olmuşdu.
O, bu saatlarda qalxar, gölə tərəf enib, skamyasında oturardı.
Qalxmadı, getmədi.
Yorulmuşdu deməli, qalxmaq istəmirdi. Eybi yox.
Bu qızcığazın işinə yarayırdı necə olsa.
Anası onun yanında, əllərinin arasındaydı.
Lakin daha da soyumuşdu, artıq çöldəki buz belə bu qədər soyuq deyildi.
Qalxıb üstünü örtmək istədi, amma yaxında bir şey yox idi. Otaqdan isə çıxmaq istəmədi.
O otaqdan çıxana kimi anası qalxsaydı, bu dəqiqələri də qaçırmış olacaqdı.
Ağlına daha yaxşı fikir gəldi.
Daha rahat yatsın deyə anasına laylay oxumağa qərar verdi.
Onu incitməmək üçün səssizcə qalxdı, başını dizlərinə qoydu.
Saçlarına sığal çəkərək başladı laylasına:
“Bir kiçicik aslan var imiş…”
Necə də yumşaq, ipək kimi saçları vardı anasının.
Hər zaman toxunmaq istəmişdi onlara.
İndi azadca toxuna bilirdi.
“Çöllər qa-qa qaçar oynarmış.”
Kiçik qız hardan bilə bilərdi ki, parkda bir qadının uşağına oxuduğu bu layla bir gün ona belə lazım olacaq.
O vaxt eşidəndə sadecə ağlamışdı halbuki. Anası ona da oxumur deyə.
Olsun, yəqin anası da heç eşitməmişdi.
İndi balaca qız anasına da öyrədirdi.
Saatlar bir-birini, əqrəb yelqovanı qovaladı, anası oyanmadı, qız da qalxmadı qanlı mürəkkəbə boyanmış yerdən.
Anasının başı dizlərində, saatlarca sığal çəkdi ona.
O vaxt ki, insanların gəlib bu gözəl yuxudan onları oyatmağınadək.
İnsanlar.
Onlar ayırdı kiçik qızı anasından, onlar ayırdı minik əlləri sarmaladığı doğmasından.
Onlar anasını o gün heç bilmədiyi yerə apardılar.
Balaca qız anladı o an.
İndi tamamilə yanlız qalmışdı.
Əslində həmişə yanlız idi, amma o gün yanlızlığını möhürlədi əllərindəki qan ləkələri.
Anasının qoxusunu daşıyan.
Anası yalnız qoydu onu bugün, yanlızlığının içində.
Onsuz da, heç vaxt var olmamış anasını o gün birdəfəlik itirmişdi balaca qız.
Anlamışdı bunu burnuna dolan qanın qoxusundan.
Heç vaxt unutmadı qanın qoxusunu.
Heç kim təmizləmədi onu.
Əksinə daha da kirlətdilər üstünə bulaşmış o qoxudan onu təqsir edərək.
Anasını itirmiş, əlləri ləkəli qızın məsumluğunu da ləkələdilər onlar.
Çünki qız gülümsəyirdi.
Anası ölən insanlar gülümsəməzmiş.
Amma heç kim bilmədi ki, anasının qoxusunu ilk dəfə duyan, ona ilk dəfə sarılan uşaqlar gülümsəyərdi…
Gözümün qarşısına gələn görüntüləri dəf edirmişcəsinə silkələdim başımı.
Qoxunu duyan beynim illər öncəsinə qayıdıb o qorxunc görüntüləri xatırlatmaq istəmişdi.
O tanıdıq qoxu burda da var idi: qanın qoxusu.
Amma bu dəfə anamınki deyildi.
Amma bu dəfə mən o məsum uşaq deyildim.
Kim bilir, bəlkə də insanların dediyi kimi mən onda da məsum deyildim.
Heç kim bilmir. Necə ki bəzən mən belə bilmirəm.
Sonra öz nailiyyətimi möhürləmək istərcəsinə mahnının son sətri töküldü dodaqlarımdan ölümün soyuqluğunu daşıyan bir səs tonuyla :“Söyləmərəm sö-sö söyləmərəm xoş imiş.”
Layla bitmişdi, adam yatmışdı.
Əmin idim, bir daha geri dönməyəcəyindən.
Anam da dönməmişdi.
O da dönməzdi.
Anidən üzümdə hiss etdiyim şeylə bədənim anlıq titrədi.
Yox, göz yaşım ola bilməzdi.
Çünki bədənimin tək hiss etdiyi şey hissizlik idi o dəqiqələrdə.
Bir damla daha.
Sonra biri daha.
Yağış.
Anam təmizlənməyim üçün göylərdən hədiyyə göndərmişdi mənə.
Kim bilir? Bəlkə də getdiyi yerdə sevməyə başlamışdı məni.
Bəlkə də yağış onun gözyaşları idi.
İllər öncəki kimi.
İnsanların unudub qanlı qoyduqları o qızı da yağış təmizləmişdi o vaxt.
Amma yağış belə günaha çarə tapa bilmədi bugün.
Çarəsi varmıydı ki? Çarəsi deyirəm varmıydı?
Təbiət ağladı o gün.
Amma təbiət pis adamlara görə ağlayardımı?
Yox.
Mavi gözlü qız üçün ağlayırdı o.
O gün ikinci dəfə ölən qızın əvəzindən.
Anası oldu ikinci dəfə.
Əllərimdəki ləkələr təmizlənərdi, lakin ruhumdakı ləkələrin bir çarəsi vardı?
Çarəsi deyirəm… Vardı?
Yox idi.
Hərçənd, o gün o həyətdə iki bədən qalmışdı.
Qatil və qurbanı.
Yerdəki qanlar deyirdi bunu.
‘Qatil, qatil’ deyə.
Aldığım nəfəs fısıldayırdı mənə.
‘Qatil, qatil’ deyə.
İçimdəki iblis gülümsədi mənə.
‘Qatil,qatil’ deyə.
Amma bütün bunlar incitmədi canımı.
Məni incidən içimdəki yetim qızın mənə üz döndərməyi oldu.
‘Qatil, qatil’ deyə.
Artıq tamamilə yanlız qalmışdım o gün.
Sonra dodaqlarımı hərəkətləndirib pıçıldadım.
“Qatil, qatil!” deyə.
Bədənim əsdi, ayaqlarım titrədi.
Beynim fərmanı çəkilmiş ayaqlarıma əmr verdi.
Və mənə aid olmayan o bədəndə, hara getdiyimi bilmədən qaçdım o gün.
‘Qatil’ deyə-deyə.
•••
Danışırdı, amma burda deyildi.
Cismi burdaydı, amma ruhu o anlara getmişdi.
Sadecə bir neçə dəqiqə əvvəl mənə baxan mavi gözlər indi yumulmuş, ruhunu yandırıb qovuran o anlara yenidən, bilmirəm neçənci dəfə şahidlik edirdi.
Əlləri oturduğu masanı sanki qopardacaqmış kimi sıxmışdı.
Çənəsi sıxılmış, dişlərini bir-birinə basdırmışdı. Ayaqları içə bükülmüşdü.
Sanki bu dəqiqə bu masadan qalxsa, bədəni onu daşıya bilməyəcəkdi.
Çünki bu dəqiqə bədəni ona sadecə əmanət idi.
Gözlərini açdı, hərarətdən yanan bədəninin əksinə gözləri o qədər soyuq baxırdı ki.
Bütün hislərinin əksinə gözlərində soyuq divarlar vardı.
Heç kimin qıra bilmədiyi.
Gözləri bir ölünün məktubunu xatırladırdı. Hislərlə dolu, bir o qədər də hissiz.
Gözləri, lal bir insanı xatırladırdı. Səssiz, bir o qədər də səsli.
Allah danışmaq üçün insana ağız vermişdi. Amma bəzi insanların gözləri daha çox şey söyləyir insana.
Bəlkə də, soruşan hər kəsə danışdığı bu hekəyəyə artıq alışmışdı.
Bir acını nə qədər paylaşsan, o qədər azalardı.
Bəs bu qızınkı?
Acı idimi?
Peşmanlıqmı yoxsa?
Bəlkə də yaşadığı o ana getməyin verdiyi stress?
Amma yox, başqa bir şey vardı.
Başqa şeylər vardı.
Hər hekəyənin olduğu kimi bu hekayənin də başqa tərəfi vardı.
Azad olmaq üçün çırpınan o hisləri, o sözləri niyə azad etmirdi bu qız?
Ağzı başqa şey söyləyirdi, amma mən anlamışdım. Gözləri inkar edirdi.
Heç kimmi baxmamışdı söylədiklərinin əksini göstərən gözlərinə bu qızın?
Necə inanmışdı hamı sözlərə?
Bəlkə də, heç danışmağa fürsət də verməmişdilər.
Bəlkə də o fürsət heç onu tapmamışdı.
Əgər görünən üzü qətl, o isə qatil idisə, mən bu mavi gözlərdə başqa şey görürdüm: Məsumluq.
Bir qatil necə məsum ola bilərdi deyilmi?
Açıq-açıq qətlin olduğu bir hekəyədə, bir cana qıymış bir insan necə məsum ola bilərdi deyilmi?
Bəlkə, bu hekayədə silahı tutan o idi, amma qatil o deyildi.
Ya da bəlkə də, silahı heç o tutmamışdı?
Nə idi bu hekayənin digər tərəfi?
Nə idi məni məsunluğuna inandıran bu hiss?
Nə idi gözlərinin arxasındakı bu yalvarış?
Nə idi sözlərinin arxasındakı bu hayqırış?
Heçmi sevilməmişdin sən?
Heçmi dinlənməmişdin?
Heç kimmi baxmamışdı gözlərinin dərinliklərinə?
Yox!
Yoxsa görərdilər deyilmi?
‘Mən məsumam’ deyə bağıran o kiçik qızı.
O qətl günü əlləri qanlı o qıza heç kimmi soruşmamışdı: ‘Nə üçün’ deyə?
Amma mən soruşacaqdım. Bəlkə bu gün deyil, amma yenə girəcəkdim bu qapıdan.
Gözlərimin içinə baxan bu balaca qızın gerçək hekəyəsini öyrənməyə.
Bu qapıdan bir daha girəndə bir qatili deyil, ruhu yaralanmış o kiçik qızı dinləyəcəkdim.
Əllərinə qanın, həyatına taleyinin ağısı oxunmuş bu qıza deyil də gözlərində yatan o məsum qıza.
Hərçənd, qarşımdakı bir qatil deyildi.
Heç kim soruşmasa da mən soruşacam səndən: “Qatillər qurbanının əlini niyə bağlamaz deyə?”
Heç kim sormasa da “Silah tutmağı bilməyən o kiçik əllər necə tək qurşunla vura bildi deyə?”
Çünki vura bilməmişdi.
Bəlkə, o gün bir qatil və qurban var idi, amma. bunların heç biri sən deyildin .
Heç kim deməsə də, mən deyəcəm bir gün: “Kiçik qız, qorxma, artıq keçdi, sənin bir günahın yoxdu.” deyə.
Amma o gün, bu gün deyildi.
Hərçənd sən özün də inandırmışdın özünü bir qatil olduğuna.
Amma “Hələlik, görüşənədək.”.
Sadecə bunu deyə bildim.
Baxışlarıyla sağollaşdı mənlə.
O soyuq baxışlarıyla.
Qatil deyə adlandırıb girdiyim bu qapıdan bir başqa adlarla çıxacaqdım.
Məgər, Velia ölüm mələyinin adı deyilmiş.
Öldürülən mələyin adıymış.
Uşaqlığı öldürülən, duyğuları öldürülən.
Duyğular bir hökm geyinsəydi, hər gün neçə cinayət işlənərdi?
Şikayətçi ola bilsəydi duyğular, hər gün neçə təqsirkar olardı?
Yaraları görünsəydi duyğuların, neçəsi qanlı olardı?
Bir məzarı ola bilsəydi onların, hər gün neçə daşın üzərinə yazılardı: “Xatirəsinə…”?
Duyğular hökm geysəydi, həbsxana olardı bütün evlər.
Şikayətçi ola bilsəydi duyğular, bütün təqsirkarlar qurban olardı.
Yaraları görünsəydi duyğuların, qətliamın izləri görünərdi hər üzdə.
Bir məzarı ola bilsəydi onların, hər daş yazardı üzərində “Xatirəsinə…”
Hələlik sağol, Velia…
1 note · View note
sevncly · 4 years ago
Text
Sonun Başlanğıcı
Bir, iki, üç...
Hər addımımda biraz daha tükənirdi nəfəsim.
Aldığım nəfəslər ağır gəlirdi.
Qorxu bütün bədənimi əsir almışdı və ürəyim sinəmi dağıdıb çıxmaq üçün çalışırdı sanki.
Soyuq...
Atdığım hər addımda ayaq barmaqlarım soyuqdan içə bükülür, soyuq bütün gücüylə bədənimi əsir alırdı.
Şüursuzca qaçırdım, düşünmədən, nəfəs almadan...
Həqiqətən nə idi bu?
Qorxumu, təlaşmı, yoxsa birini bir daha görməyəcək olmağın verdiyi acı hissimi?
Cavab : hamısı
Qorxurdum.
Hara qaçdığımı bilmirdim, amma yolun sonunda onu görəcək olmağın ümidi vardı.
Ümid hər sondan yeni bir başlanğıcdır, ümid sonsuzluğun açarıdır.
Mənsə bu açarı əlində sıxı-sıxı tutmuş və sonsuzluğa qovuşmaq üçün mübarizə aparan ayağıyalın bir qız.
••••
Dəqiqələrin bir-birini qovaladığı bir müddətdən sonra gördüyüm siluetlə dayandım.
Ürəyim yerindən çıxacaqmış kimi atırdı.
Gözlərimi bütün üzündə gəzdirdikdən sonra gözlərinə qaldırdım.
Ah, gözləri,
Bir insan birini sadecə baxışıyla məhv etməməli idi.
Bu ədalətli deyildi.
Tərk edilmiş bir uşağın gözlərindəki ümidlə baxdım ona.
Bir söz,
Ağzından çıxacaq bir sözə bu qədər möhtac olmaq ədalətli deyildi.
Lütfən, mənə o sehrli sözləri de, lütfən mənə bir şey de.
Bir şey vardı.
Aramızda çox böyük əngəl vardı.
Yaxınlaşmağıma, yaxınlaşmağımıza izin verməyən əngəl.
Yox, olmaz, mümkün deyil, yıxmalıydıq, aşmalıydıq, həmişə aşardıq, yenə aşarıq.
Bir addım atdı.
Gəlirdi,
Mənə tərəf gəlirdi.
Danışacaq, cavabını alacaqdım, ağlımı itirməyimə səbəb olan suallarıma cavab tapacaqdım.
Onun addımıyla fərmanı çəkilmiş ayaqlarım sanki bu anı gözləyirmiş kimi bir addım atdı Ona doğru.
Dayandı, gözlərindən anlamadığım bir ifadə keçdi.
Anlamağa çalışırdım, yeni doğulan körpənin anasının gözlərində bir məna aradığı kimi bir hiss axtarırdım gözlərində.
Bəxş et mənə sevgilim, nə düşündüyünü.
Ağacdan düşən bir yarpaq kimi əsən bədənimə cavab ver.
Amma yox, susdu, danışmadı.
Sonra bir şey oldu.
Yönünü çevirdi, gözlərim gözlərinin baxdığı yeri izlədi.
Bir addım atdı, ora doğru.
Dayanmayacaqdım, izlərini sürəcək, getdiyi yerə gedəcək, cavablarımı alacaqdım.
Addımladıq, birlikdə, hər zamankı kimi.
Gözümü üstündən ayırıb onun yönəldiyi tərəfə baxdım.
Uçurum…
Uçurumun kənarındaydıq.
Buludlar...
Buludlar bizimlə eyni səviyyədəydi
Buludların üstündəydik, buludlara qalxmışdıq.
Ona baxmaq üçün hərəkətlənən bədənimə izin verdim,
Mənə baxırdı, aşinası olduğum gözlər.
Yaxın gəlmirdi, yaxın getmirdim.
Bədənim getmək üçün necə dirənirdi, amma bir şey bizə icazə vermirdi.
"Niyə burdayıq?" Sonunda aramızdakı soyuq səssizliyi yaran mənim titrək səsim olmuşdu.
Cavab axtaran gözlərimi gölərinə dikdim.
"Qurtulmaq üçün". Ah, səsi
Uzun səssizlikdən sonra danışmışdı mənimlə.
Anlamadım. Anlamadığımı gözlərimdənki baxışdan anladı.
İşarət barmağıyla uçurumu göstərdi."Uçurum" . Sonra məni ilk gördüyü gün dediyi sözləri təkrarladı: "Səni buludlara qaldırdığım gün əbədiyyən mənim olacaqsan". Zehnim tanış sözlərin verdiyi hisslə mənə dejavu yaşadarkən, qəlbim bir quş kimi əsdi.
Buludlar, tam qarşımda boydan-boya düzülmüş, bütün gözəlliyi ilə gözlərimin önündəydilər.
"Mən anlamıram." Anlamırdım. Dodaqlarının kənarında xəfif bir titrəmə oldu və ani olaraq yoxa çıxdı.
"Bura bizim gözəl hekayəmizin əbədiyyətə çatması üçün bir sondur. Amma elə bir son ki başlanğıcı olan. Başlamaq üçün bitən."
Qəlbim titrədi. "Sonun başlanğıcı" deyə fısıldadım.
Başı məni təsdiqləyən anlamda yuxarı-aşağı hərəkətləndi. Üzümə ifadəsizcə baxırdı. Uzun müddət sonra bu ifadəsiz gözlərlə mənə baxırdı.
Anlamırdımı? Mən onun gözlərindəki bir parıltıya möhtac bir qız idim.
"Bizim üçün... Başlanğıcı yazmağa hazırsanmı?" Baxışlarım gözlərindən bir an ayrılmazkən, verdiyi sualla gözlərində bir hiss gördüm. Ümid. Ümidlə baxdı gözlərimə.
Hazıram. Səninlə sonsuzluğa. Səninlə günlərimi artıracaq hər ayrılığa.
Bir addım atdım.
Yalın ayağımın altındakı daşlar canımı incitsə də fikir vermədim.
Adımladım, addımladım…
Uçurumla burun-buruna gələnədək.
Arxamdaydı, onun güvənli varlığını hiss edirdim. Çiynimin üstündən gözlərinə baxmağa çalışdım.
Yox. Bir an bunu görməməyi dilədim. Bir an yaş olmaq istədim. Sevgilimin yanağını oxşayan…
İnsan bir damla yaşı belə qısqanardımı? Qısqandım.
Gözlərindən yanağına doğru uzanan o yaşları görmək ona doğru qaçıb sinəsinə sığınmaq istəyimi artırırdı. Sanki o da bunu anlamış kimi udqundu. "Yenidən qarşılaşana qədər əlvida, sevgilim…"
Gözlərim doldu.
İkimizin də gözlərindən axan bu yaşlar bu uçurumda çiçəklər açardımı sevgilim? Adları biz olan.
Ağlımdan keçən ani düşüncələri gözlərimdəki yaşı silərək yox eləməyə çalışdım.
Olmaz, geri dönə bilmərəm.
Onun qoxusunu son bir dəfə ciyərlərimə doldurmaq istəsəm də arxaya getmədim.
Getsəydim, ayrıla bilməzdim.
Hərçənd bu bir ayrılıq sayılmazdı. Hər vəda ayrılıq deyildi.
"Sonunda birləşmək var." deyə fısıldadım.
Vardı. İnanırdım. Mən ona inanırdım. Həmişə inanmışdım.
Gözlərimi yumdum.
Qollarımı açdım.
Küləyin saçlarımı uçurmasına izin verdim.
Özümü azad hiss etdim.
Dərin nəfəs aldım.
Soyuq bütün ciyərlərimə çatdı.
Barmaq uclarımda torpağın soyuq nəfəsi, saçlarımda külək.
Qorxmurdum. Hərçənd ürəyim dəli kimi əssə də.
Gözlərimi qapadım.
Önə doğru bir addım atdım.
Sonra bir addım daha.
Bir addım daha.
Və bir addım daha.
Yolun sonu, yolun başlanğıcı.
Uçurumun sonu, bir həyatın başlanğıcı.
Burdaydım, aylar sonra, günlər sonra, olmalı olduğum yerdə.
Sonun burda bitəcəyini bilərək yaşadığım o bir ovuz xoşbəxtliyin sonunda.
Aid olmadığım dünyadan aid olduğum yerə getməyə bir addım.
Bir addım, son nəfəs, sonsuz nəfəs üçün.
Əsirdim, saç diblərimə qədər.
Bir addım, soyuq, buz kimi daşlar.
Soyuq, buz kimi külək.
Bir addım, dəli kimi titrəyən ürək,
Bir addım atdım.
Önə doğru buraxdım bədənimi - boşluğa.
Ayaqlarım yerdən kəsildi.
Qulaqlarım çınladı.
Havaya doğru savruldum.
Saçlarım üzümə, bədənim boşluğa.
Düşsəm, buludlar məni tutardımı?
Düşdüm,
Tutmadılar,
Buludlara çatmışdıq, amma buludlardan gedirdim.
Buludlar mənə yenə yuxardan baxırdılar.
Özünü cəsarətlə sevgisi uğruna uçurumdan atmış qıza baxırdılar.
Bəlkə son dəfə arxamdakı səsi eşitməsəydim inanardım sevgilim. Qorxmadığına.
Amma qorxdun, itirməkdən.
Mənə “Ayrılıq da sevdaya daxildir” demişdin. Amma ölüm deyildi.
Bilirdin, bildirmədin.
Bəlkə son dəfə eşitməsəydim o hayqırışını, inanardım somsuzluğa.
Amma uçurumun dibinə qədər inancla gəlmiş o qızın inancı qırıldı o an.
Ağlama, sevgilim. Hər vəda sevdaya daxildir. Amma vədalar hər zaman yanlızca bir sağol deyildir.
Əlvida sevgilim, bizi yaşatmaq üçün küləklərə əmanət etdiyin bu qızı unutma…
Nəfəsim kəsildi,
Ürəyim döyündü,
Havada savrulub gedirdim.
Başlanğıc üçün.
Bizim üçün...
Bir qız uçdu o gün buludların üstündən.
Bir qız uçdu o gün ayağıyalın, gözləri yaşlı.
Bir oğlan öldü o gün, əli-qolu bağlı.
Bir uşaq ağladı o gün, oyuncağı əlindən alınan.
Bir səhifə oxundu o gün, ölən qıza yazılan.
Bir çiçək açdı o gün, sevgililərin yaşından.
•••
3 notes · View notes